2011-ci il 19 iyul tarixində
“Normativ hüquqi aktlar haqqında” Naxçıvan Muxtar Respublikasının Qanunu qəbul edilmişdir.
Həmin Qanunun XIII fəslində hüquqi aktların Naxçıvan Muxtar Respublikasının Hüquqi
Aktların Dövlət Reyestrinə daxil edilməsi qaydası, Dövlət Reyestrinə daxil edilən hüquqi aktların
rekvizitləri və Dövlət Reyestrinin strukturu ilə bağlı müddəalar əks olunmuşdur.
Bu Qanunun tətbiqi ilə bağlı Naxçıvan Muxtar
Respublikası Ali Məclisi Sədrinin 2011-ci il 19 iyul tarixli 24-IV FR nömrəli Fərmanı
ilə Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinə Naxçıvan Muxtar Respublikasının
Hüquqi Aktların Dövlət Reyestrini yaratmaq və hüquqi aktların Naxçıvan Muxtar Respublikasının
Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi haqqında Əsasnamənin lahiyəsini
hazırlayıb Naxçıvan Muxtar Respublikasının Ali vəzifəli şəxsinə təqdim etmək tapşırığı
verilmişdir.
Bu tapşırığa uyğun olaraq Ədliyyə Nazirliyi tərəfindən hazırlanmış
müvafiq Əsasnamə lahiyəsi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2011-ci
il 27 iyul tarixli 26-IV FR nömrəli Fərmanı ilə təsdiq edilmişdir. Qeyd edilən
Fərmanla Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinə Naxçıvan Muxtar Respublikasının
Hüquqi Aktların Dövlət Reyestrinin 2012-ci il yanvarın 1-dən fəaliyyətə başlamasının
təmin edilməsi tapşırığı verilmişdir.
Həmin Fərmanla təsdiq edilmiş
“Hüquqi aktların Naxçıvan Muxtar Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə
daxil edilməsi qaydaları haqqında Əsasnamə”yə uyğun olaraq Dövlət Reyestri Naxçıvan
Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən aparılır. Hüquqi aktları qəbul
etmiş orqanlar onları Dövlət Reyestrinə daxil edilmək üçün həmin aktların qəbul
edildiyi gündən üç gün keçənədək Ədliyyə Nazirliyinə göndərirlər. Naxçıvan Muxtar
Respublikasının Hüquqi Aktların Dövlət Reyestri Naxçıvan Muxtar Respublikasında
qəbul edilən normativ hüquqi aktları, normativ xarakterli aktları, Naxçıvan Muxtar
Respublikası Ali Məclisinin qərarlarını, Naxçıvan Muxtar Respublikası Ali vəzifəli
şəxsinin və Naxçıvan Muxtar Respubliaksı Nazirlər Kabinetinin sərəncamlarını, həmçinin
onların rekvizitlərini əks etdirən dövlət informasiya ehtiyatıdır. Ədliyyə Nazirliyi
Naxçıvan Muxtar Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinin formalaşdırılmasını,
aparılmasını, idarə olunmasını, tamlığını, müvafiq internet informasiya ehtiyatı
vasitəsilə ümumi istifadə üçün daimi açıqlığını və mühafizəsini təmin edir.
|