Azərbaycan Respublikası Prezidentinin
2011-ci il 1
iyul tarixli 463 nömrəli Fərmanı ilə
TƏSDİQ EDİLMİŞDİR
Hüquqi aktların Azərbaycan Respublikasının
Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi qaydaları haqqında
ƏSASNAMƏ
1. Ümumi müddəalar
1.1. Bu Əsasnamə “Normativ hüquqi aktlar haqqında”
Azərbaycan Respublikasının Konstitusiya Qanununa əsasən hüquqi aktların Azərbaycan
Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə (bundan sonra - Dövlət Reyestri)
daxil edilməsi qaydalarını müəyyən edir.
1.2. Dövlət Reyestri Azərbaycan Respublikasında
qəbul edilən normativ hüquqi aktları, normativ xarakterli aktları, Azərbaycan Respublikası
Milli Məclisinin qərarlarını, Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan
Respublikası Nazirlər Kabinetinin sərəncamlarını, həmçinin onların rekvizitlərini
əks etdirən dövlət informasiya ehtiyatıdır.
1.3. Hüquqi aktların Dövlət Reyestrinə daxil edilməsi
- qəbul edilmiş hüquqi aktların bu Əsasnamədə müəyyən edilmiş qaydada Dövlət Reyestrinə
daxil edilməsi, habelə əvvəllər Dövlət Reyestrinə daxil edilmiş hüquqi aktlarda
dəyişikliklərin edilməsi və onların qüvvəsinin itirilməsi ilə bağlı fəaliyyətdir.
1.4. Dövlət Reyestri Azərbaycan Respublikasının
Ədliyyə Nazirliyi (bundan sonra - Ədliyyə Nazirliyi) tərəfindən aparılır.
1.5. Ədliyyə Nazirliyi Dövlət Reyestrinin formalaşdırılmasını,
aparılmasını, idarə olunmasını, tamlığını, müvafiq internet informasiya ehtiyatı
vasitəsilə ümumi istifadə üçün daimi açıqlığını və mühafizəsini təmin edir.
1.6. Naxçıvan Muxtar Respublikasının dövlət və
yerli özünüidarə orqanlarının hüquqi aktları Naxçıvan Muxtar Respublikasının Hüquqi
Aktların Dövlət Reyestrinə daxil edilir. Naxçıvan Muxtar Respublikasının Hüquqi
Aktların Dövlət Reyestri Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən
aparılır və Dövlət Reyestrinin tərkib hissəsidir. Dövlət Reyestrinin elektron variantında
Naxçıvan Muxtar Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə ayrıca keçid olmalıdır.
1.7. Dövlət Reyestri qeydiyyat informasiya sistemi
vasitəsilə elektron variantda və Dövlət Reyestri kitabı vasitəsilə kağız variantda
Azərbaycan Respublikasının dövlət dilində aparılır. Hüquqi aktı qəbul etmiş orqan
tərəfindən həmin aktın qəbulu üçün müəyyən olunmuş qaydada təsdiq edilmiş aktın
digər dilə tərcüməsi mövcud olduqda, Dövlət Reyestrinə müvafiq dildə olan hüquqi
akt da daxil edilir.
1.8. Dövlət Reyestri “Normativ hüquqi aktlar haqqında”
Azərbaycan Respublikasının Konstitusiya Qanununun 80-ci maddəsində müəyyən edilmiş
struktura uyğun olaraq aparılır.
1.9. Dövlət Reyestrinə daxil edilmək üçün təqdim
olunan hüquqi aktlar “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının
Konstitusiya Qanununun, həmçinin ayrı-ayrı hüquqi aktların hazırlanması və qəbuluna
dair müəyyən edilmiş qaydaların tələblərinə uyğun olmalıdır.
1.10. Dövlət Reyestrinə konkret (birdəfəlik) təşkilati,
nəzarət və ya sərəncamverici tədbirlərin həyata keçirilməsi məqsədi ilə qəbul edilən
və ya digər birdəfəlik tətbiq halları üçün nəzərdə tutulan normativ xarakterli aktlar
deyil, məhdud subyektlər dairəsi üçün məcburi davranış qaydalarını əks etdirən və
dəfələrlə tətbiq olunmaq üçün nəzərdə tutulmuş normativ xarakterli aktlar daxil
edilir.
1.11. Mərkəzi icra hakimiyyəti orqanlarının normativ
hüquqi aktları və normativ xarakterli aktlar, həmin aktlarda onların qüvvəyə minməsinin
daha gec müddəti nəzərdə tutulmadıqda, Dövlət Reyestrinin elektron variantında dərc
edildiyi gündən qüvvəyə minir. Hüququn analogiyasından və ya qanunun analogiyasından
istifadə olunması haqqında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarı
Dövlət Reyestrinin elektron variantında dərc edildiyi gündən qüvvəyə minir.
1.12. Hüquqi aktların dövlət sirrini əks etdirən
ayrı-ayrı müddəaları Dövlət Reyestrinin elektron variantında və Dövlət Reyestrinin
toplusunda dərc edilmir.
1.13. Ayrı-ayrı müddəaları dövlət sirrini əks
etdirən hüquqi aktlar istisna olmaqla, natamam hüquqi aktların Dövlət Reyestrinin
elektron variantında və Dövlət Reyestrinin toplusunda dərc edilməsinə yol verilmir.
1.14. Dövlət Reyestrinə daxil edilmiş hüquqi aktların
mətnləri rəsmi dərc edilmiş hüquqi aktların mətnləri ilə birgə istinad üçün rəsmi
mənbə hesab olunur.
1.15. Dövlət Reyestrinə daxil edilmiş və rəsmi
dərc edilmiş hüquqi aktların mətnləri arasında ziddiyyət olarsa, Dövlət Reyestrinə
daxil edilmiş hüquqi aktın mətninə üstünlük verilir.
2. Dövlət Reyestrinə daxil edilən hüquqi aktların
rekvizitləri
2.1. Dövlət Reyestrinə hüquqi aktların aşağıdakı
rekvizitləri daxil edilir:
2.1.1. aktın növü;
2.1.2. qəbul edildiyi tarix;
2.1.3. qeydiyyat nömrəsi;
2.1.4. adı;
2.1.5. rəsmi dərc edildiyi mənbə (qanunlara, fərmanlara
və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına münasibətdə);
2.1.6. qüvvəyə minmə tarixi;
2.1.7. Azərbaycan Respublikasının Vahid hüquqi
təsnifatı üzrə indeks kodu (kodları);
2.1.8. Dövlət Reyestrinin qeydiyyat nömrəsi;
2.1.9. hüquqi aktın Dövlət Reyestrinə daxil edildiyi
tarix.
2.2. Dəyişikliklər edilmiş, ləğv edilmiş və ya
qüvvədən düşmüş hüquqi aktlar üzrə Dövlət Reyestrinə həmin aktlarda dəyişikliklər
etmiş, onları ləğv etmiş və ya qüvvədən düşmüş hesab etmiş hüquqi aktın rekvizitləri,
habelə Dövlət Reyestrinin qeydiyyat nömrəsi və hüquqi aktın Dövlət Reyestrinə daxil
edilmə tarixi göstərilməklə müvafiq qeyd daxil edilir.
3. Hüquqi aktların Dövlət Reyestrinə daxil
edilməsi qaydaları
3.1. Hüquqi aktları qəbul etmiş orqanlar onları
Dövlət Reyestrinə daxil edilmək üçün həmin aktların qəbul edildiyi gündən üç gün
keçənədək Ədliyyə Nazirliyinə göndərirlər.
3.2. Azərbaycan Respublikası Milli Məclisinin,
Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin
aktları, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarları müşayiət məktubu
olmadan, onları qəbul etmiş orqan tərəfindən Dövlət Reyestrinə təqdim olunur və
Ədliyyə Nazirliyinə daxil olduğu gündən sonrakı iş günü ərzində Dövlət Reyestrinə
daxil edilir.
3.3. Qanunlar, fərmanlar və Azərbaycan Respublikası
Nazirlər Kabinetinin qərarları rəsmi dərc edildikdən sonra Dövlət Reyestrinin elektron
variantında dərc edilir.
3.4. Mərkəzi icra hakimiyyəti orqanlarının normativ
hüquqi aktları və normativ xarakterli aktlar (Azərbaycan Respublikası Konstitusiya
Məhkəməsinin qərarları istisna olmaqla) onları qəbul etmiş orqanın rəhbəri, o olmadıqda
isə onun vəzifəsini icra edən müavini tərəfindən imzalanmış müşayiət məktubu ilə
birgə Dövlət Reyestrinə təqdim edilir.
3.5. Bu Əsasnamənin 3.4-cü
bəndində nəzərdə tutulmuş hüquqi aktlara müvafiq məcburi hüquqi ekspertizanın rəyi
əlavə olunur. Məcburi hüquqi ekspertizanın rəyi “Normativ hüquqi aktlar haqqında”
Azərbaycan Respublikasının Konstitusiya Qanununun 51.1-ci maddəsinə müvafiq olaraq
tərtib edilməlidir.
3.6. Bu Əsasnamənin 3.4-cü bəndində nəzərdə tutulmuş
hüquqi aktların razılaşdırılması Azərbaycan Respublikasının qanunvericiliyi ilə
məcburi olduqda, habelə hüquqi aktda Azərbaycan Respublikasının qanunvericiliyində
müəyyən edilmiş qaydada digər orqanla bağlı normativ göstərişlər və (və ya) tapşırıqlar
olduqda, həmin hüquqi akt əlaqədar orqanla razılaşdırılaraq Dövlət Reyestrinə təqdim
edilir.
3.7. Nizamnamə, əsasnamə, təlimat, reqlament,
qayda və norma nəzərdə tutan digər aktlar onları təsdiq edən aktla birgə təqdim
olunur.
3.8. Hüquqi aktlar kağız daşıyıcıda onların əslinin
həqiqi surəti formasında və eyni zamanda elektron daşıyıcıda mətn faylları formasında
təqdim edilir.
3.9. Hüquqi akt barədə məlumat, onu təqdim edən
orqan, aktın növü, qəbul edildiyi tarix, qeydiyyat nömrəsi və adı göstərilməklə
Dövlət Reyestrinin qeydiyyat jurnalının kağız və elektron formalarında qeydiyyata
alınır.
3.10. Bu Əsasnamənin 3.4-cü bəndində nəzərdə tutulmuş
hüquqi aktlar Ədliyyə Nazirliyinə daxil olduğu gündən yeddi iş günü müddətində Dövlət
Reyestrinə daxil edilmək üçün qəbulundan imtinaya əsas olub-olmamasına dair yoxlanılır.
Yoxlama aparılarkən hüquqi aktlar məcburi hüquqi ekspertizadan keçirilir. Məcburi
hüquqi ekspertizanın rəyi “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının
Konstitusiya Qanununun 51.1-ci maddəsinə müvafiq olaraq tərtib edilməlidir.
3.11. Dövlət Reyestrinə daxil edilmək üçün qəbulundan
imtinaya əsas aşkar edilməyən, bu Əsasnamənin 3.4-cü bəndində nəzərdə tutulmuş hüquqi
aktlar Dövlət Reyestrinə daxil edilir. Gün ərzində Dövlət Reyestrinə daxil edilmiş
hüquqi aktlar növbəti gün saat 00.00-da Dövlət Reyestrinin elektron variantında
dərc edilir.
3.12. Dövlət Reyestrinə daxil edilmiş hüquqi akta
xüsusi alqoritm əsasında vahid və təkrarlanmayan Dövlət Reyestrinin qeydiyyat nömrəsi
verilir.
3.13. Dövlət Reyestrinə daxil edilmiş hüquqi aktın
Dövlət Reyestrinin qeydiyyat nömrəsi, Dövlət Reyestrinə daxil edilmək üçün qəbulundan
imtina olunmuş hüquqi akt barəsində isə imtinanın əsası (bu Əsasnamənin 4.1-ci bəndinin
müvafiq yarımbəndinə istinad olunmaqla) Dövlət Reyestrinin qeydiyyat jurnalında
göstərilir.
3.14. Yeni hüquqi aktın qəbulu ilə əlaqədar olaraq,
Dövlət Reyestrinə əvvəllər daxil edilmiş hüquqi aktlarda zəruri hallarda müvafiq
dəyişikliklər edilir. Dövlət Reyestrinə daxil edilmiş hüquqi aktların ləğv edilmiş
və ya qüvvədən düşmüş hesab edilmiş struktur elementləri aktlardan çıxarılır, hüquqi
aktlar qüvvəsini itirdikdə isə bu barədə müvafiq qeyd edilir.
3.15. Dövlət Reyestrinə daxil edilmiş hüquqi aktın
kağız və elektron daşıyıcıları Dövlət Reyestrinin strukturuna uyğun olaraq onun
arxivində daimi saxlanılır.
4. Hüquqi aktların Dövlət
Reyestrinə daxil edilmək üçün qəbulundan imtina edilməsi
4.1. Bu Əsasnamənin 3.4-cü bəndində nəzərdə tutulmuş
hüquqi aktların Dövlət Reyestrinə daxil edilmək üçün qəbulundan aşağıdakı hallarda
imtina edilir:
4.1.1. hüquqi akt qəbul edildiyi gündən üç gün
müddətində Dövlət Reyestrinə təqdim edilmədikdə;
4.1.2. keçirilmiş məcburi hüquqi ekspertiza nəticəsində
hüquqi akt rədd edildikdə və ya yenidən işlənilmək üçün onu qəbul etmiş orqana qaytarıldıqda;
4.1.3. bu Əsasnamənin 3.6-cı bəndində nəzərdə
tutulmuş hallarda aktın layihəsinin əlaqədar orqanlarla razılaşdırılması (vizalanması)
haqqında məlumatı əks etdirən sənədlər təqdim edilmədikdə;
4.1.4. bu Əsasnamənin 3.4-cü, 3.5-ci və ya 3.7-ci
bəndlərinin tələbləri pozulduqda;
4.1.5. hüquqi aktın mətninin kağız daşıyıcısı
üzərində hər hansı düzəliş olduqda;
4.1.6. hüquqi aktın kağız daşıyıcı ilə elektron
daşıyıcıda olan mətnləri arasında uyğunsuzluq olduqda.
4.2. Hüquqi aktın Dövlət Reyestrinə daxil edilmək
üçün qəbulundan imtina edildikdə, imtinanın əsası göstərilməklə, hüquqi akt onu
qəbul etmiş orqana müvafiq məktubla qaytarılır. Bu Əsasnamənin 4.1.2-ci və 4.1.3-cü
yarımbəndlərində nəzərdə tutulmuş əsaslara görə hüquqi aktın Dövlət Reyestrinə daxil
edilmək üçün qəbulundan imtina edildikdə, məktubda hüquqi aktı qəbul etmiş orqanın
hüquq xidmətinin rəhbərinin intizam məsuliyyətinə cəlb edilməsinin zəruriliyi göstərilir.
4.3. Bu Əsasnamənin 4.1.4-4.1.6-cı
yarımbəndlərində nəzərdə tutulmuş əsaslara görə hüquqi aktın Dövlət Reyestrinə daxil
edilmək üçün qəbulundan imtina edildikdə, onu qəbul etmiş orqan beş iş günü müddətində
göstərilən çatışmazlıqları aradan qaldıraraq, hüquqi aktı Dövlət Reyestrinə daxil
edilmək üçün Ədliyyə Nazirliyinə yenidən təqdim edir.
4.4. Bu Əsasnamənin 4.1.1-4.1.3-cü
yarımbəndlərində nəzərdə tutulmuş əsaslara görə hüquqi aktın Dövlət Reyestrinə daxil
edilmək üçün qəbulundan imtina edildikdə, həmçinin bu Əsasnamənin 4.3-cü bəndində
göstərilmiş müddətdə çatışmazlıqlar aradan qaldırılmadıqda, Dövlət Reyestrinə daxil
edilmək üçün qəbulundan imtina edilmiş hüquqi akt beş gün müddətində onu qəbul etmiş
orqanın ayrıca qərarı ilə ləğv edilir və qərarın surəti Ədliyyə Nazirliyinə təqdim
edilir.
5. Yekun müddəalar
5.1. Bu Əsasnamənin 3.4-cü bəndində nəzərdə tutulmuş
hüquqi aktları qəbul edən orqanlar tərəfindən Dövlət Reyestrinə daxil edilməyən
hüquqi aktların tətbiqi ilə bağlı məlumat əldə edildikdə, Ədliyyə Nazirliyi bu aktların
Dövlət Reyestrinə daxil edilmək üçün təqdim olunması barədə onları qəbul etmiş orqanlara
müraciət edir. Bu müraciət on iş günü müddətində yerinə yetirilmədikdə, Dövlət Reyestrinə
daxil edilmədən tətbiq edilən, habelə bu Əsasnamənin 4.4-cü bəndində nəzərdə tutulmuş
müddətdə ləğv edilməyən hüquqi aktların qüvvəsinin olmaması barədə məlumat Ədliyyə
Nazirliyi tərəfindən Dövlət Reyestrinin internet informasiya ehtiyatında dərc edilir.
5.2. Ədliyyə Nazirliyi bu Əsasnamənin 4.4-cü bəndində
nəzərdə tutulmuş müddətdə ləğv edilməmiş, həmçinin bu Əsasnamənin 5.1-ci bəndinin
ikinci cümləsində nəzərdə tutulmuş müddətdə Dövlət Reyestrinə daxil edilmək üçün
təqdim olunmamış mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktları,
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının, Azərbaycan Respublikası Mərkəzi
Bankının, Məhkəmə-Hüquq Şurasının, Milli Televiziya və Radio Şurasının və yerli
icra hakimiyyəti orqanlarının normativ xarakterli aktları barədə dərhal Azərbaycan
Respublikasının Prezidentinə məlumat verir, yerli özünüidarə orqanlarının qərarlarının
etibarsız sayılması barədə məhkəməyə müraciət edir.
|