Naxçıvan Muxtar Respublikasının Dini Qurumlarla

İş üzrə Dövlət Agentliyinin yaradılması  haqqında

 

NAXÇIVAN MUXTAR RESPUBLİKASI ALİ MƏCLİSİ SƏDRİNİN

 

F Ə R M A N I

 

 

 

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin  II his­səsinin 6-cı bəndini rəhbər tutaraq qərara alıram:

1. Naxçıvan Muxtar Respublikasının Dini Qurumlarla İş üzrə İdarəsinin əsasında Naxçıvan Muxtar Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Agentliyi yaradılsın.

2.  “Naxçıvan Muxtar Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Agentliyi haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).

3. “Naxçıvan Muxtar Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinin strukturu” təsdiq edilsin (əlavə olunur).

4. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

 

 

Naxçıvan Muxtar Respublikası

         Ali Məclisinin Sədri                                                      VASİF  TALIBOV

 

 

Naxçıvan şəhəri, 18 dekabr 2017-ci il

№ 89-V FR

 

 

 

 

Naxçıvan  Muxtar   Respublikası  Ali 

Məclisi Sədrinin 2017- ci il 18 dekabr

tarixli 89- V FR nömrəli Fərmanı  ilə

təsdiq edilmişdir

 

 

Naxçıvan Muxtar Respublikasının Dini

Qurumlarla İş üzrə Dövlət Agentliyi haqqında

 

ƏSASNAMƏ

 

1. Ümumi müddəalar

 

1.1. Naxçıvan Muxtar Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Agentliyi (bundan sonra - Agentlik) Naxçıvan Muxtar Respublikasında dini fəaliyyət sahəsində dövlət siyasətinin həyata keçirilməsini, dini qurumlarla bağlı qanunvericiliyin müddəalarına riayət olunmasını, müvafiq icra hakimiyyəti orqanlarının dini qurumlarla bağlı fəaliyyətinin əlaqələndirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır.

1.2. Agentliyin öz səlahiyyətləri daxilində qəbul etdiyi aktlar digər mərkəzi və yerli icra hakimiyyəti orqanları, dini fəaliyyətlə bağlı qurumlar, fiziki və hüquqi şəxslər üçün məcburi xarakter daşıyır və həmin aktların icrasına nəzarət Agentlik tərəfindən həyata keçirilir.

1.3. Agentlik dini qurumlara heç bir maddi yardım göstərmir.

1.4. Agentlik öz fəaliyyətində Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının konstitusiyalarını və qanunlarını, Azərbaycan Respublikası Prezidentinin və Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin  qərar və sərəncamlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri və bu Əsasnaməni rəhbər tutur.

1.5. Agentlik öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən mərkəzi və yerli icra hakimiyyəti orqanları, yerli özünüidarəetmə orqanları və muxtar respublikada qeydiyyatdan keçən qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir, dini işlərlə bağlı onların fəaliyyətini əlaqələndirir.

1.6. Agentliyin  müstəqil balansı, sərəncamında olan dövlət əmlakı, xəzinə və bank hesabları, üzərində Dövlət gerbinin təsviri və öz adı həkk olunmuş möhürü, müvafiq ştampı və blankı vardır.

1.7. Agentliyin saxlanma xərcləri və fəaliyyəti dövlət büdcəsi və qanunvericiliklə nəzərdə tutulan digər mənbələr hesabına maliyyələşdirilir.

1.8. Agentlik Naxçıvan şəhərində yerləşir.

2. Agentliyin fəaliyyət istiqamətləri

2.1. Agentliyin fəaliyyət istiqamətləri aşağıdakılardır:

2.1.1. dini etiqad azadlığının təmin olunması sahəsində fəaliyyət göstərir;

2.1.2. dini etiqad azadlığı sahəsində dövlət siyasətinin formalaşmasında iştirak edir və bu siyasətin həyata keçirilməsini təmin edir;

2.1.3. dövlət-din münasibətlərinin tənzimlənməsini və inkişafını təmin edir;

2.1.4. dini etiqad sahəsində maarifləndirmə işi aparır;

2.1.5. dini qurumların dövlət qeydiyyatını həyata keçirir;

2.1.6. öz səlahiyyətləri daxilində dini təhsil ilə bağlı məsələlərin tənzimlənməsində iştirak edir;

2.1.7. qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir.

3. Agentliyin vəzifələri

3.1. Agentlik bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir:

3.1.1. dini etiqad azadlığının həyata keçirilməsi üçün müvafiq şərait yaratmaq;

3.1.2. dini etiqad azadlığı ilə bağlı qanunvericilik aktlarına riayət olunmasına nəzarəti təmin etmək;

3.1.3. dini qurumların qanunvericiliklə nəzərdə tutulmuş qaydada dövlət qeydiyyatını həyata keçirmək, dini qurumların dövlət reyestrini aparmaq, dini qurumların dövlət qeydiyyatı haqqında məlumatları kütləvi informasiya vasitələrində dərc etdirmək, dini qurumların təşkilati işlərinin qanunauyğun qurulmasına köməklik göstərmək;

3.1.4. dini qurumların xahişi əsasında dövlət orqanları ilə razılaşmalar əldə edilməsində və dövlət orqanları tərəfindən həlli tələb olunan məsələlərdə dini qurumlara lazımi yardım göstərmək;

3.1.5. dini radikalizmin və ekstremizmin, dini zəmində qarşıdurma və ayrı-seçkilik hallarının, digər mənfi təzahürlərin qarşısını almaq;

3.1.6. dini qurumlardan məlumatlar almaqla ümumi məlumat bankını yaratmaq;

3.1.7. dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarında), audio və video materialların, mal və məmulatların və dini məzmunlu başqa məlumat materiallarının dinşünaslıq ekspertizasının aparılmasını təmin etmək;

3.1.8. yerli icra hakimiyyətləri yanında yaradılmış dini məsələlər üzrə komissiyaların işinin təşkilinə kömək göstərmək;

3.1.9. muxtar respublikada dini durum haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə ildə iki dəfə hesabat təqdim etmək;

3.1.10. qanunvericilikdə nəzərdə tutulmuş əsaslar olduqda dini qurumun ləğv olunması barədə məhkəməyə müraciət etmək;

3.1.11. dini qurumlara münasibətdə cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı qanunla nəzərdə tutulmuş qaydada və hallarda nəzarət orqanının funksiyalarını həyata keçirmək;

3.1.12. qanunvericiliklə nəzərdə tutulmuş müvafiq inzibati xətalar haqqında işlərə baxmaq;

3.1.13. vətəndaşların dini təhsil müəssisələrində təhsil almaq üçün xaricə göndərilməsinə razılıq vermək;

3.1.14. dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarında), audio və video materialların, mal və məmulatların və dini məzmunlu başqa məlumat materiallarının istehsalına, idxalına və yayılmasına nəzarət etmək, o cümlədən dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarında), audio və video materialların, mal və məmulatların və dini məzmunlu başqa məlumat materiallarının istehsalına, idxalına, ixracına və yayılmasına, habelə onların satışı üçün ixtisaslaşdırılmış satış məntəqələrinin yaradılmasına razılıq vermək;

3.1.15. dini ibadət yerlərinin tikintisinin və yenidən qurulmasının məqsədəuyğunluğu barədə rəy vermək;

3.1.16. dini qurumların fəaliyyəti ilə bağlı mübahisəli məsələlərin həllində dövlət adından iştirak etmək;

3.1.17. dini təhsil müəssisələrinin fəaliyyətinə lisenziyanın verilməsi üçün rəy vermək, Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi ilə birlikdə dini təhsil müəssisələrinin proqramlarını təhlil etmək, tədris plan və proqramlarını təsdiq etmək, dini tədrisin keyfiyyətinin müəyyən edilməsi üçün rəy vermək;

3.1.18. nəzarət markası ilə markalanmış dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarında), audio və video materialların, mal və məmulatların və dini məzmunlu başqa məlumat materiallarının satışı üzrə ixtisaslaşdırılmış satış məntəqələrində yoxlamalar aparmaq, həmin məntəqələrin fəaliyyətində qanun pozuntusu aşkarlandığı təqdirdə, fəaliyyəti dayandırma, məsuliyyətə cəlb etmə ilə bağlı tədbirləri həyata keçirmək;

3.1.19 qanunazidd fəaliyyət göstərən dini qurumların məsuliyyətə cəlb edilməsi üçün tədbirlər (dini fəaliyyətin dayandırılması, dövlət orqanlarına müraciət edilməsi) görmək, ayrı-ayrı şəxslər tərəfindən yaradılan və tarixi-ənənəvi kökü olmayan ibadət və ziyarət yerlərinin fəaliyyəti barədə müvafiq dövlət orqanları qarşısında məsələ qaldırmaq;

3.1.20. dini qurumların fəaliyyət qaydasının pozulması, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən dini təbliğatın aparılması, dini ayinlərin icrasına maneçilik törədilməsi, dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd edilməsi barədə məlumatı tədbir görülməsi üçün hüquq mühafizə orqanlarına göndərmək və öz nəzarətində saxlamaq;

3.1.21. dini təhsil müəssisələrinin fəaliyyətində aşkarlanmış qanun pozuntuları barədə müvafiq dövlət orqanlarına məlumat vermək;

3.1.22. dini təhsil müəssisələri istisna olmaqla, mülkiyyət formasından asılı olmayaraq bütün təhsil müəssisələrində dinşünaslıq, din tarixi, dini-idraki, dini-fəlsəfi fənlər və müqəddəs dini kitabların əsasları üzrə tədris proqramlarının, tədris vəsaitlərinin hazırlanmasında iştirak etmək və təsdiqinə razılıq vermək;

3.1.23. xarici ölkələrdə yerləşən ziyarətgahlara turlar nəzərdə tutan turizm fəaliyyətinə icazə vermək;

3.1.24. dini mətbu nəşrlərin təsis edilməsi barədə müraciətlərə dair rəy vermək;

3.1.25 islam dininə mənsub din xadimlərinin attestasiyasında iştirak etmək;

3.1.26. ibadət yerlərinə din xadimlərinin, o cümlədən yeni din xadimlərinin təyin olunması barədə aidiyyəti üzrə məsələ qaldırmaq;

3.1.27. nizamnaməsində dini dəyərlərin təbliği ilə bağlı fəaliyyət istiqamətləri olan qeyri-kommersiya hüquqi şəxslərinin dövlət qeydiyyatına alınması üçün rəy vermək;

3.1.28. islam dininə aid ayin və mərasimləri aparan şəxslər barədə rəy vermək;

3.1.29. qəbiristanların salınmasının məqsədəuyğunluğu barədə rəy vermək;

3.1.30. dini sahəyə ayrılan büdcə vəsaitləri, kreditlər, qrantlar və digər maliyyə vəsaitlərindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək;

3.1.31. xaricdəki müqəddəs yerlərə ziyarətin təşkilində, bu məsələlərlə bağlı dövlətlərarası razılaşmaların əldə olunmasında iştirak etmək;

3.1.32. dini maarifçilik işinin genişləndirilməsi, dini qarşıdurmanın qarşısını almaq məqsədilə kütləvi informasiya vasitələri ilə iş sahəsində fəaliyyət göstərən müvafiq qurumlarla birgə tədbirlər həyata keçirmək;

3.1.33. müqəddəs kitabları öyrənmə kurslarının fəaliyyətinə nəzarəti həyata keçirmək, qanunvericiliyə uyğun fəaliyyət göstərməyən müqəddəs kitabları öyrənmə kurslarının fəaliyyətini dayandırmaq;

3.1.34. öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet saytının yaradılmasını, malik olduğu və siyahısı qanunvericiliklə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daimi yeniləşdirilməsini təmin etmək;

3.1.35. din sahəsində mütəxəssislərin hazırlanması və ixtisaslarının artırılması üçün tədbirlər görmək, ixtisasartırma kurslarını təşkil etmək;

3.1.36. Agentliyin fəaliyyəti ilə bağlı daxil olan ərizə və şikayətlərə baxmaq və qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlər görmək;

3.1.37. Agentliyin strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində öz səlahiyyətləri daxilində tədbirlər görmək;

3.1.38. fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.

4. Agentliyin hüquqlari

4.1. Agentlik öz vəzifələrini həyata keçirmək üçün aşağıdakı hüquqlara malikdir:

4.1.1. dövlət-din münasibətlərinə, din haqqında qanunvericiliyin təkmilləşdirilməsinə dair aidiyyəti üzrə təkliflər vermək;

4.1.2. səlahiyyətlərinə aid edilmiş məsələlərin işlənib hazırlanması və yerinə yetirilməsi üçün qanunvericiliklə müəyyən edilmiş qaydada ekspert və məsləhətçiləri cəlb etmək, onlarla müqavilələr bağlamaq;

4.1.3. qanunvericiliklə müəyyən edilmiş qaydada xüsusi bülletenlər və digər nəşrlər buraxmaq;

4.1.4. Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən dini təhsil müəssisələrinin fəaliyyəti barədə məlumatlar və hesabatlar almaq, dini təhsil müəssisələrində dini təhsillə bağlı yoxlamalar aparmaq;

4.1.5. dini təfriqə, məzhəb ayrı-seçkiliyi, milli təhlükəsizliyə zidd dini-siyasi təxribatlar və digər qeyri-qanuni dini fəaliyyətlə bağlı hərəkətlər və hallar barədə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə mütəmadi olaraq məlumat vermək, bu barədə əlaqədar dövlət orqanları qarşısında məsələ qaldırmaq;

4.1.6. dini qurumların, eyni zamanda ayrı-ayrı şəxslərin dini etiqad azadlığı ilə bağlı qanunvericiliyə zidd hərəkətləri barədə onların təmsil olunduqları dini mərkəz qarşısında məsələ qaldırmaq;

4.1.7. dini etiqad azadlığı ilə bağlı qanunvericilik aktlarının tələblərinə riayət olunmasını təmin etmək məqsədilə əsas olduğu təqdirdə qanunla nəzərdə tutulmuş qaydada dini qurumların fəaliyyətinə müdaxilə etmək və onlardan dini fəaliyyətə dair hesabat tələb etmək;

4.1.8. nəzarət markası ilə markalanmış dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarında), audio və video materialların, mal və məlumatların və dini məzmunlu başqa məlumat materiallarının satışı üzrə ixtisaslaşdırılmış satış məntəqələrinin fəaliyyəti barədə məlumatlar almaq;

4.1.9. dini təhsil müəssisələrinə tələbə qəbulu məqsədi ilə yaradılmış dini komissiyaların fəaliyyətində iştirak etmək;

4.1.10. öz səlahiyyətləri daxilində dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;

4.1.11. dini qurumların fəaliyyəti ilə bağlı mübahisəli məsələlərin qanun çərçivəsində tənzimlənməsində iştirak etmək, yaranmış problemlərin həlli barədə müvafiq dövlət orqanları qarşısında vəsatət qaldırmaq;

4.1.12. dini ayinlərin icrası ilə əlaqədar vətəndaşların və dini qurumların hüquqlarının qorunması məsələsinin dövlət orqanları tərəfindən müzakirə olunmasında iştirak etmək;

4.1.13. səlahiyyətlərinə aid məsələlər üzrə metodik və təlimat xarakterli göstərişlər, məsləhət və izahlar vermək;

4.1.14. dini icmalardan dövlət qeydiyyatı və digər məsələlərlə bağlı müvafiq sənədləri tələb etmək;

4.1.15. fəaliyyət istiqamətlərinə uyğun rəy vermək, təhlillər və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq, təkliflər vermək;

4.1.16. dini maarifləndirmə işi aparmaq, dövlət-din münasibətləri və bu sahədə digər məsələlər barədə əhalini məlumatlandırmaq məqsədilə qanunvericiliyə uyğun olaraq televiziya və radio yayımı kanallarından, digər kütləvi informasiya vasitələrindən istifadə etmək;

4.1.17. dövlət-din münasibətlərinin tənzimlənməsi və müvafiq qanunvericiliyin icrasına nəzarətin həyata keçirilməsi ilə bağlı vaxtaşırı müşavirələr keçirmək;

4.1.18. müvafiq beynəlxalq tədbirlərdə müəyyən edilmiş qaydada iştirak etmək və öz səlahiyyətləri çərçivəsində Naxçıvan Muxtar Respublikasını təmsil etmək;

4.1.19. yerlərdə dini durumu öyrənmək üçün yerli icra hakimiyyəti orqanları ilə mütəmadi əlaqələr saxlamaq;

4.1.20. islam dininə aid ibadət yerlərinin rəhbərliyinə təyin edilən din xadimləri barədə aidiyyəti üzrə məlumat almaq;

4.1.21. dövlət-din münasibətləri sahəsində məqsədli proqramlar hazırlamaq və həyata keçirmək;

4.1.22. qanunvericiliklə müəyyən edilmiş digər hüquqları həyata keçirmək.

5. Agentliyin fəaliyyətinin təşkili

5.1. Agentliyin fəaliyyətinə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən direktor rəhbərlik edir. Direktor Agentliyə həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır.

5.2. Agentliyin strukturu və işçilərinin say həddi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən müəyyən edilir.

5.3. Agentliyin direktorunun Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən vəzifəyə təyin olunan və vəzifədən azad edilən müavini vardır. Agentliyin direktorunun müavini Agentliyin direktoru tərəfindən ona həvalə edilmiş vəzifələri yerinə yetirir və bunun üçün şəxsən məsuliyyət daşıyır.

5.4. Agentliyin direktoru:

5.4.1. Agentliyin fəaliyyətini təşkil edir;

5.4.2. müəyyən edilmiş struktur, əməkhaqqı fondu və işçilərin say həddi daxilində Agentliyin ştat cədvəlini və ayrılmış büdcə təxsisatı daxilində xərclər smetasını, Agentliyin aparatının struktur bölmələrinin əsasnamələrini təsdiq edir;

5.4.3. qanunvericiliyə uyğun olaraq icrası məcburi olan əmr və sərəncamlar verir, normativ hüquqi aktları təsdiq edir (imzalayır), onların icrasını təşkil edir və nəzarəti həyata keçirir;

5.4.4. Agentliyin vəzifəli şəxslərinin qanunvericiliyə zidd olan qərarlarını ləğv edir;

5.4.5. Agentliyi vəkalətnaməsiz təmsil edir;

5.4.6. Agentliyin işçilərini qanunvericiliyə müvafiq olaraq vəzifəyə təyin edir və vəzifədən azad edir, onlar barəsində həvəsləndirmə və intizam tənbeh tədbirlərini tətbiq edir;

5.4.7. Agentliyin fəaliyyəti barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə mütəmadi olaraq hesabatlar və məlumatlar verir;

5.4.8. Agentliyin maliyyə vəsaitləri və əmlakı barəsində sərəncam verir;

5.4.9. qanunvericiliyə uyğun olaraq digər səlahiyyətləri həyata keçirir.

5.5. Agentlikdə Agentliyin direktorundan (kollegiyanın sədri), onun müavinindən, habelə Agentliyin  digər rəhbər işçilərindən ibarət kollegiya yaradılır. Kollegiya üzvlərinin sayı və tərkibi Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir.

5.6.  Agentliyin kollegiyası öz iclaslarında Agentliyin fəaliyyəti ilə bağlı məsələləri müzakirə edir və onlar haqqında müvafiq qərarlar qəbul edir. Kollegiyanın iclasları kollegiya üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. Kollegiyanın qərarları onun üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. Agentliyin kollegiyasının qərarı qəbul edilərkən səslər bərabər olarsa, kollegiya sədrinin səsi həlledici hesab edilir.

5.7. Agentliyin kollegiyasının üzvləri arasında fikir ayrılığı yarandığı hallarda Agentliyin direktoru bu barədə Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə məlumat verərək öz qərarını həyata keçirir. Kollegiyanın üzvləri şəxsi fikirlərini Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə çatdıra bilərlər.

5.8. Zəruri hallarda Kollegiyanın iclaslarında iştirak etmək üçün müzakirə olunan məsələlərlə bilavasitə əlaqəli olan icra hakimiyyəti orqanlarının, idarə, müəssisə və təşkilatların, qeyri-hökumət təşkilatlarının, habelə dini qurumların nümayəndələri dəvət edilə bilərlər.

 

 

Naxçıvan  Muxtar  Respublikası  Ali

Məclisi Sədrinin 2017-ci il 18 dekabr

tarixli 89-V FR nömrəli Fərmanı ilə

təsdiq edilmişdir

 

 

Naxçıvan Muxtar Respublikasının Dini Qurumlarla

İş üzrə Dövlət Agentliyinin

 

S T R U K T U R U

 

Naxçıvan Muxtar Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinin Aparatı (şöbələr və sektorlar).