Naxçıvan Muxtar Respublikası
Culfa Rayon İcra Hakimiyyəti başçısının
Q Ə R A R I
№ 01
Culfa şəhəri |
«25» oktyabr 2017-ci il |
|
|
Culfa Rayon İcra Hakimiyyətinin “Fəxri Fərmanı”nın təsis edilməsi,
onun nümunəsinin və həmin fərmanla təltifetmə qaydasının
təsdiq edilməsi haqqında
Culfa rayonunun sosial-iqtisadi, mədəni inkişafında, ictimai həyatında fərqlənən şəxslərin əməyinin qiymətləndirilməsi məqsədi ilə, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.1.23-cü və 4.1.24-cü yarımbəndlərini rəhbər tutaraq qərara alıram:
1. Culfa Rayon İcra Hakimiyyətinin “Fəxri Fərmanı” təsis edilsin.
2. Culfa Rayon İcra Hakimiyyətinin “Fəxri Fərmanı” ilə təltifetmə qaydası təsdiq edilsin (əlavə olunur).
3. Culfa Rayon İcra Hakimiyyətinin “Fəxri Fərmanı”nın nümunəsi təsdiq edilsin (əlavə olunur).
4. Culfa Rayon İcra Hakimiyyəti başçısı Aparatının Hüquq şöbəsi bu qərarın 3 gün müddətində Naxçıvan Muxtar Respublikasının Hüquqi Aktlarının Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim olunmasını təmin etsin.
İCRA BAŞÇISI: Ş.F.BABAYEV
Culfa Rayon İcra Hakimiyyəti başçısının
“25” oktyabr 2017-ci il tarixli “01” nömrəli
qərarı ilə təsdiq edilmişdir
Culfa Rayon İcra Hakimiyyətinin
“Fəxri Fərmanı” ilə təltifetmə
Q A Y D A S I
1. Ümumi müddəalar
Bu qayda Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.1.23-cü və 4.1.24-cü bəndlərinə uyğun olaraq, Culfa Rayon İcra Hakimiyyətinin fəxri fərmanı (bundan sonra-fəxri fərman) ilə təltif edilməsi məsələlərini tənzimləyir.
2. Fəxri fərmanının verilməsi
2.1. Fəxri fərman Culfa Rayon İcra Hakimiyyəti başçısının təşəbbüsü və ya bu Qaydanın 2.4-cü bəndində göstərilən qurumların vəsatəti əsasında rayonun sosial-iqtisadi, mədəni inkişafında, ictimai həyatında və digər sahələrdə yüksək nailiyyətlər qazanmış rayon sakinlərinə, rayon ərazisində fəaliyyət göstərən digər şəxslərə verilir.
2.2. Fəxri fərman Culfa Rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə verilir.
2.3. Bu Qaydanın 2.1-ci bəndində nəzərdə tutulmuş sahələrdən hər hansı birində qazandığı eyni yüksək nailiyyətlərə görə fəxri fərman eyni şəxslərə təkrar verilmir.
2.4. Bu Qaydanın 2.1-ci bəndində nəzərdə tutulmuş sahələrdən hər hansı birində fərqlənən və qazandığı yüksək nailiyyətlərə görə fəxri fərman almış şəxsin həmin bənddə nəzərdə tutulmuş digər sahələrdə fərqlənən və qazandığı yüksək nailiyyətlərə görə yenidən fəxri fərmanla təltif olunması mümkündür.
2.5. Şəxsin fəxri fərmanla təltif edilməsi haqqında vəsatət onun işlədiyi təşkilat, yaşadığı ərazidə təşkil edilmiş bələdiyyə, inzibati ərazi dairəsi üzrə yerli icra hakimiyyəti başçısının nümayəndəsi, rayonun ərazisində fəaliyyət göstərən qeyri-hökumət təşkilatı, təhsil müəssisələri tərəfindən qaldırılır.
2.6. Fəxri fərmanla təltif olunmaq üçün təqdim edilən şəxs barədə vəsatətə həmin şəxsin müvafiq sahədə qazandığı yüksək nailiyyətlər barədə əsaslandırılmış arayış əlavə olunmalıdır.
2.7. Fəxri fərmanda şəxsin fəxri fərmanla təltif olunmasına əsas olan yüksək nailiyyətlərinin qısa xülasəsi qeyd olunur.
2.8. Fəxri fərman Culfa Rayon İcra Hakimiyyəti başçısının və onun müəyyən etdiyi digər şəxslər tərəfindən təntənəli şəraitdə və ictimaiyyət nümayəndələrinin iştirakı ilə təqdim edilir.
2.9. Fəxri fərmanın verilməsi iki nüsxədən ibarət protokolla rəsmiləşdirilir, həmin protokolu fəxri fərman alan şəxs imzalayır və protokola təqdimatı keçirən orqanın möhürü vurulur. Protokolun bir nüsxəsi fəxri fərmanı alan şəxsə, digər nüsxəsi isə Culfa Rayon İcra Hakimiyyəti başçısı Aparatına təqdim edilir.
2.10. Fəxri fərmanı almış şəxs fəxri fərmanı saxlanılması üçün işlədiyi quruma və ya nümayiş etdirilmək üçün muzeylərə, arxivlərə verə bilər.
3. Fəxri fərmanın itirilməsi və fəxri fərmandan məhrum etmə
3.1. Fəxri fərman itirildikdə dublikatları verilmir. Həmin fəxri fərmanın döyüş şəraitində, təbii fəlakət nəticəsində, yaxud fəxri fərmanla təltif olunmuş şəxs onların itməsinin qarşısını ala bilmədiyi digər şəraitdə itirildikdə Culfa Rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə onların dublikatları verilir.
3.2. Fəxri fərmanla təltif olunmuş şəxs fərmandan yalnız ağır və ya xüsusilə ağır cinayət törətməyə görə məhkum olunduqda, habelə onu ləkələyən hərəkətlərə yol verdikdə bu Qaydanın 2.4-cü bəndində nəzərdə tutulmuş qurumların vəsatətinə əsasən və ya Culfa Rayon İcra Hakimiyyəti başçısının təşəbbüsü ilə məhrum edilir.
3.3. Fəxri fərmanla təltif olunmuş şəxs Culfa Rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə həmin fərmandan məhrum edilir.
3.4. Fəxri fərmanla təltif edilmiş kollektiv üzvü tərəfindən bu Qaydanın 3.2-ci bəndində nəzərdə tutulmuş hərəkətlərə yol verilməsi həmin kollektivin fəxri fərmandan məhrum edilməsinə əsas vermir.
3.5. Fəxri fərmandan məhrum edilmiş şəxsə məxsus olan fəxri fərman Culfa Rayon İcra Hakimiyyəti başçısı Aparatına qaytarılmalıdır.
4. Yekun müddəalar
4.1. Fəxri fərman almış şəxslər öldükdə fəxri fərman yadigar saxlanması üçün həmin şəxslərin ailələrində qalır və ya onların ailələrinə verilir.
4.2. Fəxri fərman almış şəxs öldükdə vərəsələrinin razılığı ilə fəxri fərmanı saxlamaq və nümayiş etdirmək üçün muzeyə, arxivlərə verilə bilər.
4.3. Fəxri fərman almış şəxs öldükdə vərəsələri olmazsa, fəxri fərman Culfa Rayon İcra Hakimiyyəti başçısı Aparatına qaytarılır.
Culfa Rayon İcra Hakimiyyəti
FƏXRİ FƏRMAN
_________________________________________________________________________________________ (soyadı, adı, atasının adı)
______________________________________________________________________________
Culfa Rayon İcra Hakimiyyəti başçısının ______________ il_______________________ tarixli
_______ nömrəli sərəncamı ilə təltif olunmuşdur.
CULFA RAYON İCRA HAKİMİYYƏTİNİN BAŞÇISI: Ş.F.BABAYEV
M.Y №____ |