Naxçıvan Muxtar Respublikasında aqrar sahədə
idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında
NAXÇIVAN MUXTAR RESPUBLİKASI ALİ MƏCLİSİ SƏDRİNİN
F Ə R M A N I
Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq, Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin strukturunun, fəaliyyətinin və aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi, eləcə də aqrar sahə ilə bağlı problemlərin həllində müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının yerli struktur bölmələri ilə səmərəli əməkdaşlığın qurulması məqsədilə qərara alıram:
1. Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin aşağıdakı regional dövlət aqrar inkişaf mərkəzləri yaradılsın:
1.1. Naxçıvan Regional Dövlət Aqrar İnkişaf Mərkəzi;
1.2. Şərur Regional Dövlət Aqrar İnkişaf Mərkəzi;
1.3. Culfa Regional Dövlət Aqrar İnkişaf Mərkəzi.
2. Naxçıvan Muxtar Respublikasının Dövlət Baytarlıq Xidməti ləğv edilsin.
3. Naxçıvan Muxtar Respublikasının Dövlət Baytarlıq Xidmətinin Naxçıvan şəhəri, Şərur və Culfa rayonlarında yerləşən qurumlarının əmlakı ştat vahidləri ilə birlikdə Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə verilsin.
4. Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin strukturu təsdiq edilsin (əlavə olunur).
5. Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Aparatının işçilərinin say həddi 62 ştat vahidi, dövlət aqrar inkişaf mərkəzlərinin işçilərinin say həddi 51 ştat vahidi müəyyən edilsin.
6. Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin (bundan sonra - Nazirlik) tabeliyində aşağıdakı qurumlar yaradılsın:
6.1. Naxçıvan Kənd Təsərrüfatı Laboratoriyaları Mərkəzi:
6.2. “Naxçıvan Aqrar İstehsalat, Tədarük və Təchizat” Açıq Səhmdar Cəmiyyəti;
6.3. “Naxçıvan Aqrar Xidmətlər Mərkəzi” publik hüquqi şəxsi;
6.4. Akademik Həsən Əliyev adına “Araz” Elm İstehsalat Birliyinin və Toxumçuluq və Bitkilərin Mühafizəsi İdarəsinin bazasında Akademik Həsən Əliyev adına Naxçıvan Kənd Təsərrüfatı Elmi-Tədqiqat İnstitutu.
7. Nazirlik bu Fərmanın 6.1-ci bəndi ilə yaradılan Naxçıvan Kənd Təsərrüfatı Laboratoriyaları Mərkəzinin əsasnaməsini, strukturunu, əməyin ödəniş fondunu, işçilərinin say həddini və onların əməkhaqlarının (vəzifə maaşının, vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin) məbləğini Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla iki ay müddətinə təsdiq etsin.
8. Müəyyən edilsin ki:
8.1. bu Fərmanın 6.2-ci bəndi ilə yaradılan “Naxçıvan Aqrar İstehsalat, Tədarük və Təchizat” Açıq Səhmdar Cəmiyyəti (bundan sonra - Cəmiyyət) muxtar respublikada heyvandarlıq və bitkiçilik sahəsində kənd təsərrüfatı məhsullarının istehsalını, emalını, satışını, çeşidlənməsini, paketlənməsini və logistika xidmətini həyata keçirən, kənd təsərrüfatı məhsulları istehsalçılarını yüksək məhsuldar bitki sortlarının toxumları ilə təchiz edən, toxuma olan ehtiyacın aradan qaldırılmasını, toxum ehtiyatının formalaşdırılmasını, aqrar sahə ilə bağlı müxtəlif xidmətlərin göstərilməsini, həmçinin ərzaq məhsullarının dövlət sifarişi ilə bağlı alqı-satqı əməliyyatlarının aparılmasını, eləcə də bu sahədə fəaliyyətin təşkili üçün digər tədbirlər görülməsini təmin edən kommersiya hüquqi şəxsidir;
8.2. Cəmiyyətin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti üç üzvdən ibarət İdarə Heyəti həyata keçirir;
8.3. Cəmiyyətin İdarə Heyətinin sədrini və digər üzvlərini Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı naziri vəzifəyə təyin və vəzifədən azad edir;
8.4. Cəmiyyətdə ümumi yığıncağın səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilsin:
8.4.1. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrinə:
1. Cəmiyyətin yenidən təşkili və ləğvi;
2. Cəmiyyətin icra orqanının yaradılması;
8.4.2. Nazirliyə:
1. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti ilə razılaşdırılmaqla Cəmiyyətin nizamnaməsinin təsdiqi və nizamnamə kapitalının miqdarının müəyyən edilməsi;
2. bu Fərmanın 8.4.1-ci yarımbəndində qeyd edilənlər istisna olmaqla, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə ümumi yığıncağın səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli.
9. bu Fərmanın 6.3-cü bəndi ilə yaradılan “Naxçıvan Aqrar Xidmətlər Mərkəzi” publik hüquqi şəxsin təsisçisinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilsin:
9.1. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrinə:
9.1.1. yenidən təşkili və ləğv edilməsi;
9.2. Nazirliyə:
9.2.1. bu Fərmanın 9.1-ci bəndində qeyd edilənlər istisna olmaqla,“Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində publik hüquqi şəxsin təsisçisinin səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli;
9.3. Nazirlik:
9.3.1. “Naxçıvan Aqrar Xidmətlər Mərkəzi” publik hüquqi şəxsin nizamnaməsini, strukturunu, əməyin ödənişi fondunu, işçilərinin say həddini və onların əməkhaqlarının (vəzifə maaşının, vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin) məbləğini Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla iki ay müddətində təsdiq etsin;
9.3.2. “Naxçıvan Aqrar Xidmətlər Mərkəzi” publik hüquqi şəxsin nizamnaməsinin təsdiq edildiyi tarixdən 3 (üç) gün müddətində həmin hüquqi şəxsin dövlət qeydiyyatına alınması ilə bağlı “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müvafiq tədbirlər görsün;
9.3.3. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
10. Nazirliyin tabeliyində olan “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirilərək “Naxçıvan Aqroservis” Açıq Səhmdar Cəmiyyəti adlandırılsın.
11. “Naxçıvan Məhsulları” publik hüquqi şəxsi və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin tabeliyində olan “Naxçıvan Toxumçuluq Mərkəzi” publik hüquqi şəxsi ləğv edilərək əmlakı Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə verilsin.
12. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti:
12.1. Nazirliyin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısını bir ay müddətində təsdiq etsin;
12.2. Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi ilə birlikdə ləğv edilmiş Naxçıvan Muxtar Respublikasının Dövlət Baytarlıq Xidmətinin bu Fərmanın 3-cü hissəsində qeyd edilən qurumlarının əmlakının Nazirliyin balansına, digər əmlakının isə Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinin sərəncamına verilməsini təmin etsin;
12.3. Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə təqdim etsin;
12.4. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını təmin edib iki ay müddətində Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə məlumat versin;
12.5. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
13. Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi:
13.1. bu Fərmanın 11-ci hissəsində qeyd edilən publik hüquqi şəxslərin ləğv edilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsini təmin etsin;
13.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisi sədrinin birinci müavini AZƏR ZEYNALOV
Naxçıvan şəhəri, 10 iyul 2023-cü il
№ 187-VI FR
Naxçıvan Muxtar Respublikası Ali
Məclisi sədrinin 2023-cü il 10 iyul tarixli
187-VI FR nömrəli Fərmanı ilə təsdiq
edilmişdir
Naxçıvan Muxtar Respublikası
Kənd
Təsərrüfatı Nazirliyinin
S T R U K T U R U
1. Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin aparatı ( şöbələr və sektorlar)
2. Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin regional dövlət aqrar inkişaf mərkəzləri