«Naxçıvan Muxtar Respublikasının prokurorluq orqanlarında
xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri
olmayan və bu səbəbdən kirayə götürülmüş mənzildə
yaşayan prokurorluq işçilərinə pul kompensasiyasının
məbləği və verilməsi Qaydası»nın
təsdiq edilməsi barədə
«Prokurorluq orqanlarında xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan və bu səbəbdən kirayə götürülmüş mənzildə yaşayan prokurorluq işçilərinə pul kompensasiyasının məbləği və verilməsi Qaydası»nın təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 iyul tarixli 112 nömrəli qərarından irəli gələn vəzifələrin təmin edilməsi məqsədilə Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti qərara alır:
1. «Naxçıvan Muxtar Respublikasının prokurorluq orqanlarında xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan və bu səbəbdən kirayə götürülmüş mənzildə yaşayan prokurorluq işçilərinə pul kompensasiyasının məbləği və verilməsi Qaydası» təsdiq edilsin (əlavə olunur).
2. Müəyyən edilsin ki, bu qərarın 1-ci bəndi ilə təsdiq edilən Qaydada göstərilən məsələlərin maliyyələşdirilməsi Naxçıvan Muxtar Respublikası Prokurorluğuna muxtar respublikanın büdcəsindən ayrılmış vəsait hesabına həyata keçirilir.
3. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Naxçıvan Muxtar Respublikasının
Baş naziri Ə.Baxşıyev
19 iyul 2011- ci il
№ 71
Naxçıvan Muxtar Respublikası Nazirlər
Kabinetinin 2011- cı il 19 iyul tarixli 71
nömrəli qərarı ilə təsdiq edilmişdir
Naxçıvan Muxtar Respublikasının prokurorluq orqanlarında
xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri
olmayan və bu səbəbdən kirayə götürülmüş mənzildə
yaşayan prokurorluq işçilərinə pul kompensasiyasının
məbləği və verilməsi
QAYDASI
1. Bu Qayda «Prokurorluq haqqında», «Prokurorluq orqanlarında qulluq keçmə haqqında» və «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının qanunlarına dəyişikliklər və əlavələr edilməsi barədə» Azərbaycan Respublikasının 2009- cu il 20 oktyabr tarixli 895-II JQD nömrəli Qanununun tətbiq edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 2009- cu il 18 noyabr tarixli 184 nömrəli Fərmanına əsasən hazırlanmışdır və prokurorluq orqanlarında xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan və bu səbəbdən kirayə götürülmüş mənzildə yaşayan prokurorluq işçilərinə pul kompensasiyasının məbləğini və verilməsi qaydasını müəyyən edir.
2. Prokurorluq orqanlarında xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan prokurorluq işçilərinə qulluq keçdiyi dövr ərzində müvəqqəti mənzilin kirayəsi üçün yaşayış məntəqəsindən asılı olaraq pul kompensasiyası hər ay aşağıdakı məbləğdə ödənilir:
2.1. şəhər və rayon mərkəzlərində - 33 manat;
2.2. digər yaşayış məntəqələrində - 27 manat.
3. Prokurorluq orqanlarında xıdmət yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan prokurorluq işçilərinə qulluq keçdiyi dövr ərzində müvəqqəti mənzilin kirayəsi üçün yaşayış məntəqəsindən asılı olaraq, pul kompensasiyasının verilməsi üçün aşağıdakı sənədlər tələb olunur:
3.1. prokurorluq işçisinin ərizəsi (təqriri);
3.2. Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən prokurorluq işçisinin qulluq etdiyi müvafiq prokurorluq orqanının yerləşdiyi ərazidə onun mülkiyyətində mənzilin (yaşayış sahəsinin) olub-olmaması haqqında verilən arayış;
3.3. müvəqqəti mənzilin kirayə götürülməsi barədə notariat qaydasında təsdiq edilmiş sənəd;
3.4. xidmət yeri üzrə mənzillə (yaşayış sahəsi ilə) təmin olunub-olunmaması barədə arayış.
4. Yeni xidmət yerinə gəlmiş prokurorluq işçisi kirayədə yaşaması barədə ərizə ilə (təqrirlə) müraciət etdikdən sonra bu Qaydanın 3-cü hissəsində göstərilən sənədləri təqdim etməlidir. Müvəqqəti mənzilin kirayəsi üçün pul kompensasiyası müvəqqəti mənzilin kirayə götürülməsi barədə notarial qaydasında təsdiq edilmiş sənədin imzalandığı gündən, lakin yeni vəzifəyə təyinolunma günündən tez olmayaraq, prokurorluq işçisinin qulluq etdiyi prokurorluq orqanının rəhbərinin müvəqqəti mənzilin kirayəsi üçün pul kompensasiyasının verilməsi barədə əmrindən sonra ödənilir.
5. Yuxarıda qeyd edilən sənədlər hər il yenidən toplanaraq, prokurorluq orqanının maliyyə qurumuna təqdim edilməlidir.
6. Müvəqqəti mənzilin kirayəsi üçün pul kompensasiyası prokurorluq işçisinin kirayə üçün faktiki ödədiyi haqq məbləğində, lakin bu Qaydanın 2-ci hissəsi ilə müəyyən edilmiş məbləğlərdən artıq olmamaq şərtilə ödənilir.
7. Naxçıvan Muxtar Respublikası Prokurorluğu tərəfindən xidməti mənzillə (digər yaşayış sahəsi ilə) təmin edilmiş prokurorluq işçilərinə müvəqqəti mənzilin kirayəsi üçün pul kompensasiyası ödənilmir.