Azərbaycan Respublikası
Naxçıvan Muxtar Respublikası
Ordubad Rayon İcra Hakimiyyəti
Q Ə R A R
№ 01 03 iyul 2023-cü il
Ordubad Rayon İcra Hakimiyyətinin fəxri fərmanının
təsis edilməsi, onun nümunəsinin və Fəxri fərmanla
təltifetmə qaydasının təsdiq edilməsi haqqında
Ordubad rayonunun sosial-iqtisadi, mədəni inkişafında, ictimai həyatında fərqlənən şəxslərin əməyinin qiymətləndirilməsi məqsədi ilə, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş Yerli icra hakimiyyətləri haqqında Əsasnamənin 4.1.23-cü və 4.1.24-cü yarımbəndlərini rəhbər tutaraq qərara alıram:
1. Ordubad Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanı təsis edilsin.
2. Ordubad Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanı ilə təltifetmə qaydası təsdiq edilsin (əlavə olunur).
3. Ordubad Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanının nümunəsi təsdiq edilsin (əlavə olunur).
4. Qərarın 3 gün müddətində Naxçıvan Muxtar Respublikasının Hüquqi Aktlarının Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim olunması təmin edilsin.
İcra Hakimiyyəti başçısının müavini: Rəşadət Orucov
Ordubad Rayon İcra Hakimiyyəti başçısının
03 iyul 2023-cü il tarixli 01 nömrəli
Qərarı ilə təsdiq edilmişdir
Ordubad Rayon İcra Hakimiyyətinin
Fəxri Fərmanı ilə təltifetmə
Q A Y D A S I
1. Ümumi müddəalar
Bu qayda Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş Yerli icra hakimiyyətləri haqqında Əsasnamənin 4.1.23-cü və 4.1.24-cü bəndlərinə uyğun olaraq, Ordubad Rayon İcra Hakimiyyətinin fəxri fərmanı (bundan sonra-fəxri fərman) ilə təltif edilməsi məsələlərini tənzimləyir.
2. Fəxri fərmanının verilməsi
2.1. Fəxri fərman Ordubad Rayon İcra Hakimiyyəti başçısının təşəbbüsü və ya bu Qaydanın 2.4-cü bəndində göstərilən qurumların vəsatəti əsasında rayonun sosial-iqtisadi, mədəni inkişafında, ictimai həyatında və digər sahələrdə yüksək nailiyyətlər qazanmış rayon sakinlərinə, rayon ərazisində fəaliyyət göstərən digər şəxslərə verilir.
2.2. Fəxri fərman Ordubad Rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə verilir.
2.3. Bu Qaydanın 2.1-ci bəndində nəzərdə tutulmuş sahələrdən hər hansı birində qazandığı eyni yüksək nailiyyətlərə görə fəxri fərman eyni şəxslərə təkrar verilmir.
2.4. Bu Qaydanın 2.1-ci bəndində nəzərdə tutulmuş sahələrdən hər hansı birində fərqlənən və qazandığı yüksək nailiyyətlərə görə fəxri fərman almış şəxsin həmin bənddə nəzərdə tutulmuş digər sahələrdə fərqlənən və qazandığı yüksək nailiyyətlərə görə yenidən fəxri fərmanla təltif olunması mümkündür.
2.5. Şəxsin fəxri fərmanla təltif edilməsi haqqında vəsatət onun işlədiyi təşkilat, yaşadığı ərazidə təşkil edilmiş bələdiyyə, inzibati ərazi dairəsi üzrə yerli icra hakimiyyəti başçısının nümayəndəsi, rayonun ərazisində fəaliyyət göstərən qeyri-hökumət təşkilatı, təhsil müəssisələri tərəfindən qaldırılır.
2.6. Fəxri fərmanla təltif olunmaq üçün təqdim edilən şəxs barədə vəsatətə həmin şəxsin müvafiq sahədə qazandığı yüksək nailiyyətlər barədə əsaslandırılmış arayış əlavə olunmalıdır.
2.7. Fəxri fərmanda şəxsin fəxri fərmanla təltif olunmasına əsas olan yüksək nailiyyətlərinin qısa xülasəsi qeyd olunur.
2.8. Fəxri fərman Ordubad Rayon İcra Hakimiyyəti başçısının və onun müəyyən etdiyi digər şəxslər tərəfindən təntənəli şəraitdə və ictimaiyyət nümayəndələrinin iştirakı ilə təqdim edilir.
2.9. Fəxri fərmanın verilməsi iki nüsxədən ibarət protokolla rəsmiləşdirilir, həmin protokolu fəxri fərman alan şəxs imzalayır və protokola təqdimatı keçirən orqanın möhürü vurulur. Protokolun bir nüsxəsi fəxri fərmanı alan şəxsə, digər nüsxəsi isə Ordubad Rayon İcra Hakimiyyəti başçısı Aparatına təqdim edilir.
2.10. Fəxri fərmanı almış şəxs fəxri fərmanı saxlanılması üçün işlədiyi quruma və ya nümayiş etdirilmək üçün muzeylərə, arxivlərə verə bilər.
3. Fəxri fərmanın itirilməsi və fəxri fərmandan məhrum etmə
3.1. Fəxri fərman itirildikdə dublikatları verilmir. Həmin fəxri fərmanın döyüş şəraitində, təbii fəlakət nəticəsində, yaxud fəxri fərmanla təltif olunmuş şəxs onların itməsinin qarşısını ala bilmədiyi digər şəraitdə itirildikdə Ordubad Rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə onların dublikatları verilir.
3.2. Fəxri fərmanla təltif olunmuş şəxs fərmandan yalnız ağır və ya xüsusilə ağır cinayət törətməyə görə məhkum olunduqda, habelə onu ləkələyən hərəkətlərə yol verdikdə bu Qaydanın 2.4-cü bəndində nəzərdə tutulmuş qurumların vəsatətinə əsasən və ya Ordubad Rayon İcra Hakimiyyəti başçısının təşəbbüsü ilə məhrum edilir.
3.3. Fəxri fərmanla təltif olunmuş şəxs Ordubad Rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə həmin fərmandan məhrum edilir.
3.4. Fəxri fərmanla təltif edilmiş kollektiv üzvü tərəfindən bu Qaydanın 3.2-ci bəndində nəzərdə tutulmuş hərəkətlərə yol verilməsi həmin kollektivin fəxri fərmandan məhrum edilməsinə əsas vermir.
3.5. Fəxri fərmandan m əhrum edilmiş şəxsə məxsus olan fəxri fərman Ordubad Rayon İcra Hakimiyyəti başçısı Aparatına qaytarılmalıdır.
4. Yekun müddəalar
4.1. Fəxri fərman almış şəxslər öldükdə fəxri fərman yadigar saxlanması üçün həmin şəxslərin ailələrində qalır və ya onların ailələrinə verilir.
4.2. Fəxri fərman almış şəxs öldükdə vərəsələrinin razılığı ilə fəxri fərmanı saxlamaq və nümayiş etdirmək üçün muzeyə, arxivlərə verilə bilər.
4.3. Fəxri fərman almış şəxs öldükdə vərəsələri olmazsa, fəxri fərman Ordubad Rayon İcra Hakimiyyəti başçısı Aparatına qaytarılır.
Ordubad Rayon İcra Hakimiyyəti
FƏXRİ FƏRMAN
_________________________________________________________________________________________ (soyadı, adı, atasının adı)
______________________________________________________________________________
Ordubad Rayon İcra Hakimiyyəti başçısının ______________ il_______________________ tarixli
_______ nömrəli sərəncamı ilə təltif olunur.
ORDUBAD RAYON İCRA HAKİMİYYƏTİNİN BAŞÇISI: _____________________ adı, soyadı
M.Y №____ |