“Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər

Nazirliyinin Geoloji Axtarış və Kəşfiyyat İdarəsi haqqında

 Əsasnamə”nin təsdiq edilməsi və “Naxçıvan Muxtar

Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin

 strukturu”nda dəyişiklik edilməsi barədə

 

NAXÇIVAN MUXTAR RESPUBLİKASI ALİ MƏCLİSİ SƏDRİNİN

 

FƏRMANl

 

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geoloji Axtarış və Kəşfiyyat İdarəsi haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).

2. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2010-cu il 22 iyul tarixli 209-III FR nömrəli Fərmanı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin strukturu”na aşağıdakı məzmunda 4-cü bənd əlavə edilsin:

“4. Geoloji Axtarış və Kəşfiyyat İdarəsi”

3. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

 

 

Naxçıvan Muxtar Respublikası

        Ali Məclisinin Sədri                                         VASİF TALIBOV

 

 

Naxçıvan şəhəri,  06 fevral 2015-ci il

№  145-IV FR

 

 

 

 

Naxçıvan  Muxtar  Respublikası  Ali  Məclisi

Sədrinin 2015-ci il 06 fevral tarixli 145-IV FR

nömrəli Fərmanı ilə təsdiq edilmişdir

 

 

Naxçıvan Muxtar Respublikası Ekologiya

və Təbii Sərvətlər Nazirliyinin Geoloji

Axtarış və Kəşfiyyat İdarəsi haqqında

 

ƏSASNAMƏ

 

I. Ümumi müddəalar

 

1.1. Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (bundan sonra - Nazirlik) Geoloji Axtarış və Kəşfiyyat İdarəsi (bundan sonra - İdarə) Naxçıvan Muxtar Respublikasında yer təkinin geoloji öyrənilməsini, faydalı qazıntı yataqlarının (filiz, qeyri-filiz, tikinti materialları, qiymətli daşlar, istilik-enerji xammalı və sair) axtarışını, kəşfiyyatını, onların resurs və ehtiyatlarının hesablanmasını, yerin dərinlik quruluşunun, seysmohidrogeodinamik şəraitin və digər təbii hadisələrin öyrənilməsini, ixtisaslaşdırılmış geoloji tədqiqatların (geoloji planalma, geofiziki, geokimyəvi, mühəndis geoloji və sair) aparılmasını, həmçinin geoloji fəaliyyət zamanı qanunvericiliyin icrasına operativ nəzarəti həyata keçirən dövlət orqanıdır.

1.2. İdarə öz fəaliyyətində Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının konstitusiyalarını və qanunlarını, Azərbaycan Respublikası Prezidentinin və Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Nazirliyin Əsasnaməsini, qərarlarını, əmrlərini, təlimatlarını və bu Əsasnaməni rəhbər tutur.

1.3. İdarə müstəqil balansa, dövlət əmlakına, xəzinə hesabına, üzərində Dövlət gerbinin təsviri, Nazirliyin və İdarənin adı həkk olunmuş möhürə, müvafiq ştamplara və blanklara malikdir.

1.4. İdarənin saxlanma xərcləri və fəaliyyəti dövlət büdcəsi və qanunvericilikdə nəzərdə tutulan digər mənbələr hesabına maliyyələşdirilir.

1.5. İdarə Naxçıvan Muxtar Respublikasının Culfa şəhərində yerləşir.

II. İdarənin fəaliyyət istiqamətləri

2. İdarənin fəaliyyət istiqamətləri aşağıdakılardır:

2.1. yer təkinin geoioji öyrənilməsi üzrə sistemləşdirilmiş geoloji, geofiziki, hidrogeoloji, mühəndis-geoloji, geokimyəvi və tematik tədqiqatlar aparır;

2.2. faydalı qazıntı yataqlarının (filiz, qeyri-fiİiz, tikinti materialları, qiymətli daşlar və sair) və yeraltı su mənbələrinin axtarışı, kəşfiyyatı və qiymətləndirilməsi, resurs və ehtiyatların hesablanması işlərini həyata keçirir;

2.3. filizlərin, süxurların, suların və digər geoloji törəmələrin fiziki- mexaniki, kimyəvi və digər xüsusiyyətlərinin laborator tədqiqini aparır;

2.4. təbii və antropogen fəaliyyət nəticəsində yer səthində baş verən ekzogen geoloji prosesləri öyrənir və monitorinqini təşkil edir, onların ətraf mühitə təsirini qiymətləndirir və təbiətə təcili yardım məqsədli tədbirlər planının hazırlanması üzrə geoekoloji tədqiqatlar aparır;

2.5. muxtar respublikada yer təkinin, faydalı qazıntıların mühafizəsi və istifadəsi sahəsində qanunvericiliyə riayət olunmasına dövlət nəzarətini həyata keçirir;

2.6. öz səlahiyyətləri daxilində muxtar respublikada yer təkinin mühafizəsi və səmərəli istifadəsi ilə bağlı dövlət proqramlarının müvafiq qaydada yerinə yetirilməsinə nəzarəti həyata keçirir;

2.7. geoloji fəaliyyətə dövlət nəzarətini həyata keçirir;

2.8. yer təkinin dərinlik quruluşunu və seysmohidrogeodinamik şəraitini öyrənmək məqsədi ilə geoloji-geofiziki tədqiqatlar kompleksini aparır;

2.9. geoloji-kəşfiyyat və faydalı qazıntı yataqlarının istismarı işlərində topogeodeziya xidmətini yerinə yetirir;

2.10. təcrübi geoloji-sınaq sahələri yaradır;

2.11. qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir.

III. İdarənin vəzifələri

3. İdarə bu Əsasnamə ilə müəyyən olunmuş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri həyata keçirir:

3.1. mineral-xammal bazasının inkişafı ilə əlaqədar muxtar respublika üzrə mineral-xammal resurslarının perspektiv proqnozlarını, yeraltı su ehtiyatlarının kompleks istifadəsi və müzakirəsi sxemlərini hazırlamaq;

3.2. geoloji-istehsalat proqramlarında nəzərdə tutulan geoloji tapşırıqların təsdiq olunan layihə-smeta sənədlərinə müvafiq surətdə ardıcıl, səmərəli, keyfiyyətli və müəyyən olunmuş müddətdə yerinə yetirilməsini təmin etmək;

3.3. geoloji strukturların perspektivliyinin və faydalı qazıntı yataqlarının yerləşmə qanunauyğunluqlarının müəyyən edilməsi məqsədi ilə müxtəlif istiqamətli tematik xarakterli proqnoz-metallogenik tədqiqatlar aparmaq;

3.4. yeraltı suların rejim və balans elementlərini, çirklənməsini, ehtiyatların tükənməsini, ekzogen geoloji prosesləri, seysmohidrogeodinamik və radiasiya şəraitini öyrənmək, ətraf mühitin təbii proseslərdən mühafizəsi məqsədi ilə seysmohidrogeodinamik, radiasiya və ekzogen geoloji proseslərin monitorinq sistemini yaratmaq, təkmilləşdirmək və həyata keçirmək;

3.5. geoloji-istehsalat proqramlarının yerinə yetirilməsi, eləcə də geoekoloji monitorinq işləri zamanı əldə olunmuş məlumatları aidiyyəti üzrə çatdırmaq;

3.6. axtarış və kəşfiyyat işləri nəticəsində hesablanmış faydalı qazıntı ehtiyatlarının (kateqoriyalar üzrə) istismarının məqsədəuyğunluğunu əsaslandıran texniki-iqtisadi mülahizə, məruzə və əsaslandırma layihələrinin tərtibi məqsədi ilə geoloji-tədqiqat işlərinin nəticələrini Nazirliyə təqdim etmək;

3.7. faydalı qazıntı ehtiyatlarının və yeraltı suların balans və balansdankənar ehtiyatlarını, proqnoz resurslarını hesablamaq, ekspertiza və təsdiq üçün Nazirliyə təqdim etmək;

3.8. geoloji planalma, axtarış, kəşfiyyat, tematik işlərin nəticələri haqqında illik və yekun geoloji hesabatları hazırlamaq və Nazirliyə təqdim etmək;

3.9. qanunvericiliklə müəyyən edilmiş qaydada yeraltı suların mühafizə zonalarında yerləşən torpaq sahələrinin fiziki və hüquqi şəxslərin istifadəsinə verilməsini razılaşdırmaq;

3.10. qanunvericiliyə uyğun olaraq xüsusi qorunan su obyektlərinin bütövlükdə və qismən, daimi və ya müvəqqəti olaraq təsərrüfat fəaliyyətindən çıxarılması barədə təqdimat vermək;

3.11. qanunvericiliklə müəyən edilmiş qaydada hər bir su obyekti üçün ekoloji su buraxılışı və suların bərpa edilmədən götürülməsinin həcmini müəyyən etmək;

3.12. yerüstü və yeraltı tikinti-quraşdırma işləri aparılacaq sahələrin mühəndis-geoloji və hidrogeoloji şəraitinin öyrənilməsi üzrə işlər aparmaq;

3.13. ekzogen geoloji proseslərə məruz qalmış ərazilərin mühəndis- geoloji şəraiti haqqında rəy vermək;

3.14. yer təkinin geoloji öyrənilməsi, faydalı qazıntı yataqlarının axtarışı və kəşfiyyatı işlərində elmin və texnikanın nailiyyətlərindən istifadə etmək;

3.15. yer təkinin geoloji öyrənilməsi, faydalı qazıntı yataqları və yeraltı su mənbələrinin axtarışı və kəşfiyyatı metodikasının, geoloji-kəşfiyyat texnikasının təkmilləşdirilməsinə dair təkliflər hazırlamaq;

3.16. fiziki və hüquqi şəxslərin sifarişinə əsasən onların maliyyə vəsaiti hesabına geoloji-kəşfiyyat, topogeodeziya, markşeyder işlərini, nümunələrin fiziki-kimyəvi təhlili və sair işləri yerinə yetirmək;

3.17. xarici müəssisələr və şirkətlərlə birlikdə qanunvericiliklə müəyyən edilmiş qaydada muxtar respublikada geoloji-kəşfiyyat işlərini aparmaq;

3.18. fövqəladə geoloji şəraiti və geoloji fəlakət zonalarını müəyyən etmək və bu sahədə müvafiq dövlət tədbirlərinin həyata keçirilməsində iştirak etmək;

3.19. mineraloji və paleontoloji kolleksiyalar yaratmaq;

3.20. rayon planlaşdırılmasının sxemi və layihələrinin, şəhər və digər yaşayış məntəqələrinin baş plan və məhəlli planlaşdırma layihələrinin, sənaye qovşaqlarının, kurort və istirahət zonalarının, seysmik mikrorayonlaşdırma və mühafizə zonalarının, ərazi və yaşayış məntəqələrinin təhlükəli geoloji və digər analoji proseslərdən mühafizə qaydalarını hazırlamaq və təsdiq üçün Nazirliyə təqdim etmək;

3.21. istismar quyularının qazılması və yeraltı sulardan istifadə qaydalarına, o cümlədən ekoloji tələblərə uyğun olaraq yeraltı təbii suların istifadəçilərə verilməsi, istifadəçilərdən geri qəbul edilməsi və təkrar istifadəçilərə verilməsi qaydalarına və şərtlərinə əməl edilməsinə nəzarət etmək;

3.22. ekzogen geoloji proseslərə qarşı tədbirlər görülməsinə nəzarət etmək;

3.23. ekoloji baxımdan yeraltı su obyektlərindən səmərəli və məqsədyönlü istifadə edilməsinə, onların çirklənmədən, tükənmədən qorunmasına, habelə yeraltı suların planlı istifadə edilməsinə nəzarət etmək;

3.24. Nazirlik tərəfindən müəyyən edilmiş siyahı üzrə dövlət sirri təşkil edən geoloji məlumatlardan qanunvericiliyin tələblərinə uyğun istifadəni təmin etmək;

3.25. Nazirliyin digər qurumları ilə qarşılıqlı informasiya və əlaqə münasibətlərinin təşkili və təmin edilməsi üzrə öhdəlikləri və göstərişləri yerinə yetirmək;

3.26. qanunvericiliyə uyğun olaraq digər vəzifələri yerinə yetirmək.

IV. İdarənin hüquqları

4. İdarə öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqlara malikdir:

4.1. xarici müəssisələr və şirkətlərlə birlikdə muxtar respublikada geoloji - kəşfiyyat işlərini aparmaq;

4.2. Nazirliyin tapşırığı ilə proqramlar, layihələr və başqa sənədlər hazırlamaq, aidiyyatı üzrə təqdim etmək və ya həyata keçirmək;

4.3. yer təkinin geoloji öyrənilməsi, faydalı qazıntı yataqları və yeraltı su mənbələrinin axtarışı və kəşfiyyatı metodikasını, geoloji-kəşfiyyat texnikası və texnologiyasını təkmilləşdirmək;

4.4. təcrübi geoloji-sınaq sahələrinin fəaliyyətini tənzimləmək və nəzarət etmək;

4.5. geoloji kəşfiyyat işlərində tətbiq olunan xərc və smeta normaları ilə faktiki iş normaları və xərclər arasında uyğunsuzluq aşkar edilərsə, onların təkmilləşdirilməsi barədə təkliflər hazırlamaq;

4.6. geoloji istehsalat proqramlarının yerinə yetirilməsi üçün yeni struktur vahidlərin yaradılması və ya mövcud struktur vahidlərin dəyişdirilməsi haqqında təkliflər hazırlamaq və Nazirliyə təqdim etmək;

4.7. Nazirlik tərəfindən müəyyən edilmiş qaydada müqavilələr əsasında geoloji-kəşfiyyat və bu sahədə digər xidmətlər göstərmək;

4.8. geoloji, texniki-istehsalat və iqtisadi fəaliyyət məsələlərinə, yerinə yetirilmiş geoloji-kəşfiyyat işlərinin hesabatlarına baxmaq, geoloji-kəşfiyyat işlərində geologiya elminin və təcrübəsinin ən yeni nailiyyətlərini istehsalata tətbiq etmək, geoloji-kəşfiyyat işlərinin metodikasını, texnika və texnologiyanı təkmilləşdirmək məqsədilə İdarənin yüksək ixtisaslı mütəxəssislərini cəlb etməklə İstehsalat-Texniki Şura yaratmaq;

4.9. yer təkinin geoloji öyrənilməsi və mineral-xammal ehtiyatlarından səmərəli istifadə üzrə bilikləri təbliğ etmək, bu sahədə müsabiqələr, sərgilər, konfranslar və başqa tədbirlər keçirmək üçün Nazirliyə təkliflər vermək;

4.10. Nazirliyin tapşırığı ilə mühüm əhəmiyyət kəsb edən faydalı qazıntı yataqları, geoloji sahələr və obyektlər üzrə informasiya toplularının hazırlanması, investisiyaların cəlb olunması və müxtəlif təyinatlı toplantılarda öz səlahiyyətli nümayəndələri vasitəsilə iştirak etmək;

4.11. yer təkinin mühafizəsi və ondan səmərəli istifadə sahəsində qanunvericiliyin pozulmasının aradan qaldırılmasına dair fiziki və hüquqi şəxslərə tələblər irəli sürmək;

4.12. ətraf mühitin mühafizəsi, təbiətdən istifadə və ekoloji təhlükəsizlik qaydaları əleyhinə inzibati xətalar haqqında işlər üzrə araşdırma aparmaq, təqsirkarların məsuliyyətə cəlb edilməsi barədə materialları Nazirliyə təqdim etmək;

4.13. yer təkinin mühafizəsi sahəsində qanunvericiliyin pozulmasında istifadə olunan əşya, alət, ləvazimatları və digər vasitələri, qanunsuz əldə edilmiş məhsulları qanunvericiliyə uyğun olaraq götürmək və inzibati qanunvericiliklə müəyyən edilmiş digər hərəkətləri həyata keçirmək;

4.14. yer təki haqqında qanunvericiliyin pozulması nəticəsində vurulmuş zərərin həcmlərini müəyyən etmək (müəyyən edilməsində iştirak etmək) və bunun əsasında təqsirkar olan şəxslərə bu zərərin könüllü ödənilməsi barədə tələblər irəli sürmək;

4.15. yer təkinin geoloji öyrənilməsi sahəsində vahid informasiya sisteminin formalaşdırılmasında iştirak etmək;

4.16. qanunvericiliklə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.

V. İdarənin fəaliyyətinin təşkili

5.1. İdarəyə Naxçıvan Muxtar Respublikasının ekologiya və təbii sərvətlər naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən rəis rəhbərlik edir.

5.2. Rəis İdarəyə həvalə edilmiş vəzifələrin və funksiyaların həyata keçirilməsinə görə şəxsən məsuliyyət daşıyır.

5.3. İdarə rəisinin Naxçıvan Muxtar Respublikasının ekologiya və təbii sərvətlər naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən müavini vardır.

5.4. İdarənin rəisi aşağıdakı səlahiyyətlərə malikdir:

5.4.1. İdarənin fəaliyyətini təşkil edir;

5.4.2. müəyyən edilmiş əməyin ödənilməsi fondu və işçilərin say həddi daxilində İdarənin ştat cədvəlini və xərclər smetasını təsdiq üçün Nazirliyə təqdim edir;

5.4.3. səlahiyyətləri çərçivəsində İdarənin işçilərini vəzifəyə təyin və vəzifədən azad edir, onların barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada həvəsləndirmə və intizam tənbehi tədbirləri görür;

5.4.4. İdarənin struktur bölmələrinin funksional təyinatı, say tərkibi və zərurət olduqda həmin strukturda dəyişikliklər aparılması barədə Nazirliyə təkliflər verir;

5.4.5. faydalı qazıntı yataqlarını kəşf edənlərin həvəsləndirilməsi məqsədi ilə pul mükafatlarının müəyyən olunması, ödənilməsi və fəxri adların verilməsi barədə təkliflər hazırlayır və Nazirliyə təqdim edir;

5.4.6. iş və istirahət vaxtı, əmək haqqı məsələləri, əmək intizamı və əmək münasibətlərinə aid olan digər məsələləri qüvvədə olan əmək qanunvericiliyinə uyğun nizamlayır;

5.4.7. ətraf mühitin mühafizəsi, təbiətdən istifadə və ekoloji təhlükəsizlik qaydaları pozulduqda inzibati xətalar haqqında işlər üzrə araşdırma aparır, təqsirkarların məsuliyyətə cəlb edilməsi barədə materialları Nazirliyə göndərir;

5.4.8. İstehsalat-Texniki Şuraya rəhbərlik edir və onun fəaliyyətini tənzimləyir.