Azərbaycan Respublikası

Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı

 

Q Ə R A R

№ 01

Naxçıvan Şəhəri 

 

02 sentyabr 2013-cü il

 

Naxçıvan Şəhər İcra Hakimiyyətinin fəxri fərmanının təsis edilməsi,

onun nümunəsinin və həmin fərmanla təltifetmə qaydasının

təsdiq edilməsi haqqında

Naxçıvan şəhərinin sosial-iqtisadi, mədəni inkişafında, ictimai həyatında fərqlənən şəxslərin əməyinin qiymətləndirilməsi məqsədi ilə, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.1.23-cü və 4.1.24-cü yarımbəndlərini rəhbər tutaraq

 

QƏRARA ALIRAM:

 

1. Naxçıvan Şəhər İcra Hakimiyyətinin fəxri fərmanı təsis edilsin

2. “Naxçıvan Şəhər İcra Hakimiyyətinin fəxri fərmanı ilə təltifetmə qaydası” təsdiq edilsin (əlavə olunur)

3. Naxçıvan Şəhər İcra Hakimiyyətinin fəxri fərmanının nümunəsi təsdiq edilsin (əlavə olunur)

4. Hüquq şöbəsinə (E.İmanov) tapşırılsın ki, bu Qaydanın 3 gün müddətində Naxçıvan Muxtar Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinə təqdim olunmasını təmin etsin.

 

 

Naxçıvan Şəhər İcra

Hakimiyyətinin başçısı                                                     V.Ş.Səfərov

 

 

 

Naxçıvan  Şəhər  İcra  Hakimiyyəti

Başçısının  02  sentyabr 2013 -cü il

tarixli  01 nömrəli  qərarı ilə təsdiq

edilmişdir

 

Naxçıvan Şəhər İcra Hakimiyyətinin

 fəxri fərmanı ilə təltifetmə

 

Q A Y D A S I

 

1.Ümumi müddəalar

Bu Qayda Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.1.23-cü və 4.1.24-cü bəndlərinə uyğun olaraq, Naxçıvan Şəhər İcra Hakimiyyətinin fəxri fərmanı (bundan sonra – fəxri fərman) ilə təltif edilməsi məsələlərini tənzimləyir.

2. Fəxri fərmanının verilməsi

2.1. Fəxri fərman Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının təşəbbüsü və ya bu Qaydanın 2.4-cü bəndində göstərilən qurumların vəsatəti əsasında Naxçıvan şəhərinin sosial – iqtisadi, mədəni inkişafında, ictimai həyatında və digər sahələrdə yüksək nailiyyətlər qazanmış və fərqlənən Naxçıvan şəhər sakinlərinə və Naxçıvan şəhər ərazisində fəaliyyət göstərən digər şəxslərə verilir.

2.2. Fəxri fərman Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının sərəncamı ilə verilir.

2.3. Bu Qaydanın 2.1-ci bəndində nəzərdə tutulmuş sahələrdən hər hansı birində qazandığı eyni yüksək nailiyyətlərə görə fəxri fərman eyni şəxslərə təkrar verilmir.

2.4. Bu Qaydanın 2.1-ci bəndində nəzərdə tutulmuş sahələrdən hər hansı birində  fərqlənən  və qazandığı yüksək nailiyyətlərə görə fəxri fərman almış şəxsin həmin  bənddə nəzərdə tutulmuş digər sahələrdə fərqlənən və qazandığı yüksək nailiyyətlərə görə yenidən fəxri fərmanla təltif olunması mümkündür.

2.5. Şəxsin fəxri  fərmanla təltif edilməsi haqqında vəsatət onun işlədiyi təşkilat, yaşadığı ərazidə təşkil edilmiş bələdiyyə, inzibati ərazi dairəsi üzrə yerli icra hakimiyyəti başçısının nümayəndəsi, Naxçıvan şəhərinin ərazisində fəaliyyət göstərən  qeyri – hökümət  təşkilatı, təhsil müəssisələri tərəfindən qaldırılır.

2.6. Fəxri fərmanla təltif olunmaq üçün təqdim edilən şəxs barədə vəsatətə həmin şəxsin müvafiq sahədə qazandığı yüksək nailiyyətlər barədə əsaslandırılmış arayış əlavə olunmalıdır.

2.7. Fəxri fərmanda şəxsin fəxri fərmanla təltif olunmasına əsas olan yüksək nailiyyətlərinin qısa xülasəsi qeyd olunur.

2.8. Fəxri fərman Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının və onun müəyyən etdiyi digər şəxslər tərəfindən təntənəli şəraitdə və ictimaiyyətin nümayəndələrinin iştirakı ilə təqdim edilir.

2.9. Fəxri fərmanın verilməsi iki nüsxədən ibarət protokolla rəsmiləşdirilir, həmin protokolu fəxri fərman alan şəxs imzalayır və protokola təqdim etməni keçirən orqanın möhürü vurulur. Protokolun bir nüsxəsi fəxri fərman alan şəxsə, digər nüsxəsi isə Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısı aparatına təqdim edilir.

2.10. Fəxri fərman almış şəxs fəxri fərmanı saxlanılması üçün işlədiyi quruma və ya nümayiş etdirilmək üçün muzeylərə, arxivlərə verə bilər.

3. Fəxri fərmanın itirilməsi və fəxri fərmandan məhrum etmə

3.1. Fəxri fərman itirildikdə dublikatları verilmir. Həmin fəxri fərmanın döyüş şəraitində, təbii fəlakət nəticəsində, yaxud fəxri fərmanla təltif olunmuş şəxs onların itməsinin qarşısını ala bilmədiyi digər şəraitdə itirildikdə Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının sərəncamı ilə onların  dublikatları verilir.

3.2. Fəxri fərmanla təltif olunmuş şəxs fərmandan yalnız ağır və ya xüsusilə ağır cinayət törətməyə görə məhkum olunduqda, habelə onu ləkələyən hərəkətlərə yol verdikdə bu Qaydanın 2.4-cü bəndində nəzərdə tutulmuş qurumların vəsatətinə əsasən və ya Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının təşəbbüsü ilə məhrum edilir.

3.3. Fəxri fərmanla təltif olunmuş şəxs Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının sərəncamı ilə həmin fərmandan məhrum edilir.

3.3. Fəxri fərmanla təltif edilmiş kollektiv üzvü tərəfindən bu Qaydanın 3.2-ci bəndində nəzərdə tutulmuş hərəkətlərə yol verilməsi həmin kollektivin fəxri fərmandan məhrum edilməsinə əsas vermir.

3.4. Fəxri fərmandan məhrum edilmiş şəxsə məxsus olan fəxri fərman Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısı aparatına qaytarılmalıdır.

4. Yekun müddəalar

4.1. Fəxri fərman almış şəxslər öldükdə fəxri fərman yadigar kimi saxlamaq üçün həmin şəxslərin ailələrində qalır və ya onların ailələrinə verilir.

4.2. Fəxri fərman almış şəxs öldükdə vərəsələrinin razılığı ilə fəxri fərman saxlamaq və nümayiş etdirilmək üçün muzeylərə, arxivlərə verilir.

4.3. Fəxri fərman almış şəxs öldükdə vərəsələri olmazsa, fəxri fərman Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısı aparatına qaytarılır.