Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsi əməkdaşlarının sosial

müdafiəsinin gücləndirilməsi, gömrük işi sahəsində prosedurların sadələşdirilməsi

və şəffaflığın artırılması ilə əlaqədar bəzi tədbirlər haqqında

 

NAXÇIVAN MUXTAR RESPUBLİKASI ALİ MƏCLİSİ SƏDRİNİN

 

FƏRMANI

 

 

 

 

Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin sosial müdafiəsini gücləndirmək, gömrük işi sahəsində prosedurları sadələşdirmək və şəffaflığı artırmaq məqsədilə qərara alıram:

1. Naxçıvan Muxtar Respublikası gömrük sisteminin büdcədənkənar inkişaf fonduna daxil olan vəsaitin 25 faizi Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşlarına əlavənin verilməsi üçün istifadə olunsun.

2. Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsi, Daxili İşlər və Ədliyyə nazirlikləri muxtar respublika ərazisinə idxal edilən nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi, dövlət qeydiyyatının aparılması, daimi uçota alınması, nəqliyyat vasitəsinin dövlət qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyatı nişanının verilməsi, habelə nəqliyyat vasitələrinə sahiblik, istifadə və sərəncam hüquqlarının verilməsi ilə əlaqədar prosedurların “bir pəncərə” prinsipi əsasında sadələşdirilməsini təmin etsinlər. 

3. Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsi:

3.1. qanunvericiliklə müəyyən edilmiş bütün gömrük ödənişlərinin yalnız bank və ya plastik kart vasitəsilə alınmasını təmin etsin;

3.2. gömrük orqanlarında göstərilən xidmətlərin operativliyini və şəffaflığını artırmaq məqsədilə müraciət edən şəxslərin qəbul edilməsi ardıcıllığının müəyyən olunması üçün elektron idarəetmə sistemi (“elektron növbə”) tətbiq etsin; 

3.3. Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin əməkdaşları tərəfindən qulluq vəzifələrinin icrası zamanı qanunvericiliyin tələblərinə ciddi riayət edilməsinə nəzarəti gücləndirsin. 

4. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

5. Bu Fərman imzalandığı gündən qüvvəyə minir.

 

 

Naxçıvan Muxtar Respublikası

        Ali Məclisinin Sədri                                                              VASİF TALIBOV

 

      

Naxçıvan şəhəri, 01 mart 2011-ci il

№ 11-IV FR