Naxçıvan Muxtar Respublikasının Dövlət Televiziya və Radio Verilişləri Komitəsi haqqında

Əsasnamənin və komitənin strukturunun təsdiq edilməsi barədə

 

NAXÇIVAN MUXTAR RESPUBLİKASI ALİ MƏCLİSİ SƏDRİNİN

 

FƏRMANI

 

 

Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin fəaliyyətini daha da təkmilləşdirmək məqsədilə qərara alıram:

1.“Naxçıvan Muxtar Respublikasının Dövlət Televiziya və Radio Verilişləri Komitəsi haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).

2.“Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin strukturu” təsdiq edilsin (əlavə olunur).

3. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

4 . Bu Fərman imzalandığı gündən qüvvəyə minir.

 

      

Naxçıvan Muxtar Respublikası

           Ali Məclisinin Sədri                                                         VASİF TALIBOV

 

  

Naxçıvan şəhəri, 06 yanvar 2011-ci il

№ 7-IV FR

 

 

Naxçıvan Muxtar Respublikası Ali Məclisi

Sədrinin 2011 - ci il 06 yanvar tarixli 7 - IV

FR nömrəli Fərmanı ilə təsdiq edilmişdir

 

 

Naxçıvan Muxtar Respublikasının Dövlət Televiziya və

Radio Verilişləri Komitəsi haqqında

 

Ə S A S N A M Ə

 

I. Ümumi müddəalar

 

1. Naxçıvan Muxtar Respublikasının Dövlət Televiziya və Radio Verilişləri Komitəsi (bundan sonra – Komitə) televiziya və radio proqramlarını hazırlayan və yayımını həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.

2. Komitə öz fəaliyyətində Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının konstitusiyalarını və qanunlarını, Azərbaycan Respublikası Prezidentinin və Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin və Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri və bu Əsasnaməni rəhbər tutur.

3. Komitə öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən digər icra hakimiyyəti orqanları, yerli özünüidarəetmə orqanları və muxtar respublikada qeydiyyatdan keçən qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

4. Komitə müstəqil balansa, qanunvericiliyə uyğun sərəncamında olan dövlət əmlakına, xəzinə və bank hesablarına, üzərində Dövlət gerbinin təsviri və öz adı həkk olunmuş möhürə, müvafiq ştamplara və blanklara malikdir.

5. Komitənin saxlanma xərcləri və fəaliyyəti dövlət büdcəsi və qanunvericiliklə nəzərdə tutulan digər mənbələr hesabına maliyyələşdirilir.

6. Komitə Naxçıvan şəhərində yerləşir.

 

II. Komitənin fəaliyyət istiqamətləri

 

7. Komitənin fəaliyyət istiqamətləri aşağıdakılardır:

7.1. dövlətin və cəmiyyətin mənafeyinə yönəlmiş məlumatlandırıcı, maarifləndirici və əyləndirici televiziya və radio proqramlarını hazırlayır, onların muxtar respublikanın ərazisində yayımlanmasını, televiziya və radio proqramlarının müvafiq ideya-bədii səviyyəsinin təmin edilməsini, cəmiyyətin demokratikləşməsi sahəsində onların təsirinin gücləndirilməsini həyata keçirir;

7.2. peyk, kabel, yerüstü qurğular, internet və sair rabitə vasitələri ilə tele­radio siqnallarını yayır və retranslyasiya edir;

7.3. mövcud olan peyk, kabel və digər rabitə sistemlərini istismar edir və yenilərini yaradır;

7.4. yayım zamanı ictimaiyyətin maraqlarını, mədəni və mənəvi dəyərləri qoruyur;

7.5. proqramların (verilişlərin) mövzu rəngarəngliyini təmin edir;

7.6. yayım zamanı peşə etikasına riayət edir;

7.7. qanunvericilikdə nəzərdə tutulmuş digər istiqamətlərdə fəaliyyət göstərir.

 

III. Komitənin vəzifələri

 

8. Komitə bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir:

8.1. muxtar respublika ərazisində öz televiziya və radio verilişlərini təşkil etmək;

8.2. televiziya və radio proqramlarının yüksək ideya-bədii səviyyəsini təmin etmək;

8.3. muxtar respublikanın həyatında baş verən ən mühüm hadisələr haqqında televiziya və radio tamaşaçıları üçün çəkilişləri və operativ informasiyanı, dövlət xadimlərinin, siyasi və ictimai xadimlərin, sənaye və kənd təsərrüfatı işçilərinin, elm, mədəniyyət və incəsənət nümayəndələrinin çıxışlarını təşkil etmək;

8.4. rəsmi dövlət xəbərlərini yaymaq;

8.5. Komitənin televiziya və radio verilişləri fondu üçün proqramların çəkilişini təşkil etmək;

8.6. ən yaxşı televiziya və radio proqramlarının, televiziya və radio üçün ən yaxşı ədəbi əsərlərin və musiqi əsərlərinin müsabiqələrini keçirmək;

8.7. televiziya və radio proqramlarının, telefilmlərin, ədəbi əsərlərin və musiqi əsərlərinin, televiziya və radio tamaşalarının hazırlanması ilə bağlı yaradıcılıq-istehsal prosesini təmin etmək;

8.8. televiziya və radio proqramlarının, maliyyə-istehsalat planlarının, Komitənin televiziya və radio verilişləri fondu üçün yazılışların perspektiv və illik tematik planlarını, televiziya və radiofilmlər çəkilişinin və yazılışının tematik planlarını təsdiq etmək;

8.9. Komitənin televiziya və radio proqramlarının qəbulu və verilişi qaydasını müəyyənləşdirmək;

8.10. kadr problemləri üzrə işin əsas istiqamətlərini müəyyənləşdirmək, televiziya və radionun kadr sahəsində vəziyyətini təhlil etmək;

8.11. televiziya və radio sahəsində kadr hazırlığını təmin etmək, həmçinin mütəxəssislərin hazırlanması və ixtisasının artırılması üçün tədbirlər görmək;

8.12. maliyyə vəsaitlərinin səmərəli xərclənməsinə nail olmaqla, Komitənin maddi-texniki bazasının daha da inkişafını təmin etmək;

8.13. xarici teleradio yayımçıları ilə birgə əməkdaşlığa dair sazişlər, protokollar və digər sənədlər hazırlamaq;

8.14. Komitənin maddi-texniki bazasının inkişafına dair təkliflər hazırlamaq;

8.15. proqramların yayım üçün hazırlanmasında qanunvericilikdə nəzərdə tutulan tələblərə riayət olunmasını təmin etmək;

8.16. qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla müvafiq sahədə elmi-texniki nailiyyətlərin tətbiq edilməsini təmin etmək;

8.17. qanunvericiliyə uyğun olaraq dövlət sirrinin və məxfilik rejiminin qorunması üçün zəruri tədbirlər, habelə fəaliyyət istiqamətlərinə uyğun təhlükəsizlik tədbirlərini görmək;

8.18. öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet saytının yaradılmasını, malik olduğu və siyahısı qanunvericiliklə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daimi yeniləşdirilməsini təmin etmək;

8.19. Komitənin strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində öz səlahiyyətləri daxilində tədbirlər görmək;

8.20. Komitənin fəaliyyəti ilə bağlı daxil olan ərizə və şikayətlərə baxmaq və qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlər görmək;

8.21. fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.

 

IV. Komitənin hüquqları

 

9. Komitə öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqlara malikdir:

9.1. televiziya və radio proqramlarının hazırlanması üçün dövlət orqanlarından və ictimai birliklərdən zəruri informasiyanı qanunvericilikdə nəzərdə tutulmuş qaydada almaq;

9.2. teleradio verilişlərinin çəkilişini və yazılışını təşkil etmək;

9.3. muxtar respublikada baş verən ən mühüm hadisələr haqqında televiziya tamaşaçılarına və radio dinləyicilərinə operativ məlumat vermək;

9.4. Komitənin səlahiyyətinə aid məsələlərə dair tövsiyələr və izahatlar vermək;

9.5. proqramlar (verilişlər) hazırlamaq, onların audio və video yazılarını çoxaltmaq, satmaq və icarəyə vermək;

9.6. gəlir əldə etmək məqsədilə reklam fəaliyyəti ilə məşğul olmaq;

9.7. teleradio proqramlarını istehsal etmək, surətlərini çıxarmaq, səsləndirmək və tirajlanmasını təşkil etmək;

9.8. yaratma, satınalma, mübadilə və digər üsullarla proqram, kino, audio, video və digər məhsulların yaradılması ilə bağlı yaradıcı-istehsal prosesini həyata keçirmək və təmin etmək;

9.9. bu məhsullara və digər intellektual əmlak obyektləri ilə bağlı müəlliflik hüququ və əlaqəli hüquqları əldə etmək;

9.10. muxtar respublikada və ondan kənarda televiziya, kino, audio və video məhsullarını yayımlamaq;

9.11. müxtəlif növ məlumatların toplanması, mübadiləsi və yayımlanmasını təşkil etmək;

9.12. özəl məlumat fondlarını formalaşdırmaq;

9.13. məlumat xarakterli bütün nəşr, audiovizual, kino və digər məhsulları istehsal etmək və yaymaq;

9.14. əsas vəzifə və məqsədlərin həyata keçirilməsi ilə bağlı yardımçı istehsalı təşkil etmək;

9.15. öz verilişlərinin proqramını dərc etdirmək;

9.16. Komitə üçün ayrılmış vəsait hesabına qanunvericiliklə müəyyən edilmiş qaydada teleradio məhsullarını istehsal edən yaradıcı və texniki işçilərin quruluş haqlarını müəyyən etmək;

9.17. maliyyə və istehsalat planlarını müəyyən etmək;

9.18. texniki, istehsalat və təsərrüfat normativlərini müəyyən etmək;

9.19. öz adından müqavilələr bağlamaq;

9.20. istehsal etdiyi teleradio məhsulları üçün müəlliflik hüququ və əlaqəli hüquqlar əldə etmək;

9.21. fəaliyyət istiqamətlərinə uyğun təhlillər və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq, müvafiq sahə üzrə tədqiqatlar aparmaq, təkliflər vermək;

9.22. müvafiq sahədə mütəxəssislərin hazırlanması və ixtisasının artırılması üçün tədbirlər görmək;

9.23. müstəqil ekspertləri və mütəxəssisləri qanunvericiliklə müəyyən edilmiş qaydada öz fəaliyyətinə cəlb etmək;

9.24. qanunvericiliklə müəyyən edilmiş qaydada xüsusi bülletenlər və digər nəşrlər buraxmaq;

9.25. fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.

 

V. Komitənin fəaliyyətinin təşkili

 

10. Komitənin strukturu və işçilərinin ümumi say tərkibi Naxçıvan Muxtar Respublikasının Ali Məclisi tərəfindən müəyyən edilir.

11. Komitənin fəaliyyətinə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən sədr rəhbərlik edir. Komitənin sədri Komitəyə həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır.

12. Komitə sədrinin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən müavini vardır.

Komitə sədrinin müavini ona Komitənin sədri tərəfindən həvalə edilmiş vəzifələri yerinə yetirir və bunun üçün şəxsən məsuliyyət daşıyır.

13. Komitənin sədri:

13.1. Komitənin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;

13.2. qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla müəyyən edilmiş struktur, əməkhaqqı fondu və işçilərin say həddi daxilində Komitənin aparatının ştat cədvəlini və ayrılmış büdcə təxsisatı daxilində onların xərclər smetasını təsdiq edir;

13.3. Komitənin aparatının işçilərini, həmçinin digər işçilərini vəzifəyə təyin və vəzifədən azad edir, onlar barəsində həvəsləndirmə və intizam tənbeh tədbirləri görür;

13.4. qanunvericiliyə uyğun olaraq icrası məcburi olan əmr və sərəncamlar verir, normativ hüquqi aktları təsdiq edir (imzalayır), onların icrasını təşkil edir və nəzarəti həyata keçirir;

13.5. Komitənin vəzifəli şəxslərinin qanunvericiliyə zidd olan qərarlarını ləğv edir;

13.6. Komitəni təmsil edir.

14. Komitədə Komitənin sədrindən (kollegiyanın sədri), onun müavinindən və Komitənin rəhbər işçilərindən ibarət kollegiya yaradılır.

15. Komitənin kollegiyasının üzvlərinin sayı və tərkibi Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir.

16. Komitənin kollegiyası öz iclaslarında Komitənin fəaliyyəti ilə bağlı məsələləri müzakirə edir və müvafiq qərarlar qəbul edir.

17. Komitənin kollegiyasının iclasları onun üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. Komitənin kollegiyasının qərarları onun üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. Komitənin kollegiyasının qərarı qəbul edilərkən səslər bərabər olarsa, kollegiyanın sədrinin səsi həlledici hesab edilir.

18. Komitənin kollegiyasının qərarları protokolla rəsmiləşdirilir və Komitənin sədri tərəfindən təsdiq edilir.

19. Komitənin kollegiyasının üzvləri arasında fikir ayrılığı yarandığı hallarda Komitənin sədri Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə məlumat verərək öz qərarını həyata keçirir. Komitənin kollegiyasının üzvləri şəxsi fikirlərini Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə çatdıra bilərlər.

20. Komitənin kollegiyasının iclaslarına, zəruri hallarda digər icra hakimiyyəti orqanlarının, təşkilatların rəhbərləri, mütəxəssislər, habelə muxtar respublikada qeydiyyatdan keçən qeyri-hökumət təşkilatlarının nümayəndələri dəvət edilə bilər.

21. Müvafiq sahədə elmi-texniki nailiyyətlərin və qabaqcıl təcrübənin öyrənilməsi və həyata keçirilməsi üçün Komitədə ictimai əsaslarla fəaliyyət göstərən elmi-texniki şura yaradıla bilər.

 

 

 

Naxçıvan  Muxtar  Respublikası  Ali  Məclisi

Sədrinin 2011-ci il 06 yanvar tarixli ­­­7-IV FR

nömrəli Fərmanı ilə təsdiq edilmişdir

 

 

Naxçıvan Muxtar Respublikasının Dövlət

Televiziya və Radio Verilişləri Komitəsinin

 

S T R U K T U R U

 

   1. Naxçıvan Muxtar Respublikasının Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin aparatı