Naxçıvan Muxtar Respublikasının «Arpaçay» Dövlət

Təbiət Yasaqlığının yaradılması haqqında

 

NAXÇIVAN MUXTAR RESPUBLİKASI ALİ MƏCLİSİ SƏDRİNİN

 

F Ə R M A N I

 

Naxçıvan Muxtar Respublikasında ətraf mühitin mühafizəsi, ondan səmərəli istifadə edilməsi, nadir və nəsli kəsilməkdə olan bitki və heyvan növlərinin, mədəniyyət və tarixi-memarlıq abidələrinin qorunub saxlanması, muxtar respublikanın xüsusi mühafizə olunan təbiət ərazilərinin inkişaf etdirilməsi məqsədi ilə qərara alıram:

1. Naxçıvan Muxtar Respublikasının Şərur, Kəngərlıi, Babək və Şahbuz rayonlarının inzibati ərazilərinin əlavə olunan xəritədə göstərilən 68911,18 hektarlıq sahəsində Naxçıvan Muxtar Respublikasının «Arpaçay» Dövlət Təbiət Yasaqlığı yaradılısın.

2. «Naxçıvan Muxtar Respublikasının «Arpaçay» Dövlət Təbiət Yasaqlığı haqqında Əsasnamə» təsdiq edilsin (əlavə olunur).

3. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

4. Bu Fərman imzalandığı gündən qüvvəyə minir.

 

Naxçıvan Muxtar Respublikası

        Ali Məclisinin Sədri:                                                    VASİF TALIBOV

 

 

Naxçıvan şəhəri,  22 iyun  2009 -cu il

№  167 - III FR

 

 

Naxçıvan  Muxtar   Respublikası  Ali  Məclisi

Sədrinin 2009-cu il 22 iyun  tarixli 167-III FR

nömrəli Fərmanı ilə təsdiq edilmişdir

 

Naxçıvan Muxtar Respublikasının

«Arpaçay» Dövlət Təbiət Yasaqlığı

haqqında

 

ƏSASNAMƏ

 

1. Ümumi müddəalar

 

1.1. «Arpaçay» Dövlət Təbiət Yasaqlığı (bundan sonra - Yasaqlıq) ətraf mühitin mühafizəsi və ondan səmərəli istifadə olunması, nadir, endemik və nəsli kəsilmək təhlükəsi altında olan flora (Gözəl dazı, Şüalı zəngçiçəyi, Qurdqulağı süsən, Tatar iksiolirionu, Ağıriyli ardıç, Akaka soğanı, Təkdənli buğda, Qozbel laləvər, Gövdəsiz yumaqotu, Çılpaq dorema, Alp asteri, Zümrüdçiçəyi ələyəz, Cənubi Qafqaz canavargiləsi və s.) və fauna növlərinin (bəbir, safsar, Bezoar keçisi, Cənubi Qafqaz muflonu, Daşlıq dələsi, Oxlu kirpi, Aralıq dənizi tısbağası, Saqqallı qartal, Xəzər uları, Alp torağayı, Qonur ayı, vaşaq, Qırmızıqanad dırmanc və s.), tarixi, mədəniyyət, arxeoloji və memarlıq abidələrinin (Oğlanqala, Qazma mağarası, Havuş piri, Axura nekropolu, Albantəpə nekropolu, Qardaş ocağı, Qarasu qalası və s.) qorunub saxlanması məqsədi ilə Naxçıvan Muxtar Respublikasının Şərur, Kəngərli, Babək və Şahbuz rayonlarının inzibati ərazilərində yaradılmışdır.

1.2. Yasaqlıq öz fəaliyyətində Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının konstitusiyalarını və qanunlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikası Prezidentinin və Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin normativ hüquqi aktlarını və bu Əsasnaməni rəhbər tutur.

1.3. Yasaqlıq - təbiət komplekslərinin və ya komponentlərinin qorunması və ya bərpası, habelə ekoloji tarazlığın saxlanması məqsədilə yaradılan və xüsusi mühafizə olunan təbiət ərazisidir.

1.4. Yasaqlıq bioloji, paleontoloji və hidroloji profillidir.

1.5. «Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən Yasaqlıq torpaq mülkiyyətçilərindən, istifadəçilərindən və icarəçilərindən torpaq sahələri alınmadan qanunvericiliklə müəyyən edilmiş qaydada onların torpaq sahələrində təşkil edilir.

1.6. Yasaqlığın  ərazisi bölgə əhəmiyyətli xüsusi mühafizə olunan təbiət ərazilərinə aiddir və bu əraziyə xüsusi mühafizənin hüquqi rejimi tətbiq edilir.

1.7. Yasaqlığın pasportu Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən hazırlanır. Pasportda Yasaqlığın əhəmiyyəti, adı, yerləşdiyi yer, yaranma tarixi, mühafizə olunan ərazinin xarakteristikası, onun ümumi görünüşünün sxemi, qorunan nadir fauna və flora növləri, eləcə də tarixi və arxeoloji abidələr haqqında məlumatlar, fəaliyyət prosesində aparılan dəyişikliklər barədə qeydlər öz əksini tapmalıdır.

Bu ərazinin pasportu qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət qeydiyyatına alınmaqla Yasaqlıqda saxlanılır.

1.8. Yasaqlığın yaradılması və genişləndirilməsi üçün torpaq sahələri qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq torpaq fondunda saxlanılır.

1.9. Yasaqlıq müstəqil balansa, dövlət mülkiyyətində olan əmlaka, üzərində Dövlət gerbinin təsviri olan möhürə, müvafiq blank və ştamplara, xəzinə hesablarına malikdir.

2. Yasaqlığın yaradılmasının məqsədləri

2.1. Yasaqlığın yaradılmasının məqsədləri aşağıdakılardır:

2.1.1. Təbiət komplekslərinin və ya onların komponentlərinin qorunması və bərpası;

2.1.2. ekoloji tarazlığın saxlanılması;

2.1.3. yaranma profilindən (məqsədindən) asılı olaraq torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri tərəfindən təsərrüfat fəaliyyətində müəyyən edilmiş məhdudiyyətlərə əməl edilməsinin təmin olunması;

2.1.4. elmi, mədəni, tədris və məhdud təsərrüfat fəaliyyətlərinin həyata keçirilməsi.

3. Yasaqlığın xüsusi mühafizə rejiminin xüsusiyyətləri

3.1. Yasaqlıqda təbiət komplekslərinə və onların komponentlərinə zərər vura bilən hər hansı fəaliyyət qadağan edilir.

3.2. Üstündə Yasaqlıq yerləşən torpaq sahələri mülkiyyətçilərdən, istifadəçilərdən və icarəçilərdən geri alınmadan onların razılığı əsasında istifadə olunur.

3.3. Yasaqlığın ərazisində təbiət komplekslərinin və ya komponentlərinin qorunmasını və ya bərpasını, habelə ekoloji tarazlığın saxlanılmasını təmin etmək məqsədilə torpaq mülkiyyətçiləri və istifadəçiləri təsərrüfat fəaliyyətlərini müəyyən edilmiş məhdudiyyətlərə əməl etməklə həyata keçirirlər.

3.4. Yasaqlığın ərazisində yaranma profilindən (məqsədindən) asılı olaraq aşağıdakılar qadağan edilə və ya məhdudlaşdırıla bilər:

3.4.1. geoloji kəşfiyyat və faydalı qazıntı işlərinin aparılması;

3.4.2. su - bataqlıq ərazilərinin qurudulması;

3.4.3. vəhşi fauna növlərinin ovlanması;

3.4.4. meşə və qeyri - meşə fondundan istifadə;

3.4.5. ətraf mühitə hər hansı kimyəvi, bioloji və fiziki təsirin tətbiq edilməsi;

3.4.6. çadırların qurulması və tonqalların yandırılması;

3.4.7. mülki tikintilərin aparılması;

3.4.8. Yasaqlığın ekologiyasına mənfi təsir göstərən, mühafizə olunan obyektlərin qorunub saxlanılması rejimini pozan və varlığına təhlükə yaradan hər hansı digər fəaliyyət.

4. Yasaqlığın idarə olunması

4.1. Yasaqlığın strukturu, ştat cədvəli və xərclər smetası Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təqdimatı ilə Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir.

4.2. Yasaqlığa Naxçıvan Muxtar Respublikasının ekologiya və təbii sərvətlər naziri tərəfindən vəzifəyə təyin olunan və vəzifədən azad edilən direktor rəhbərlik edir.

4.3. Direktor yasaqlığın fəaliyyətinə görə şəxsən məsuliyyət daşıyır.

4.4. Direktor:

4.4.1. Yasaqlığın işinə ümumi rəhbərliyi həyata keçirir və onun fəaliyyətində qanunvericiliyin tələblərinə əməl olunmasını təmin edir;

4.4.2. Yasaqlığın ixtisaslı kadrlarla komplektləşdirilməsini təşkil edir, onların ixtisaslarının artırılması istiqamətində tədbirlər görür;

4.4.3. maliyyə-təsərrüfat fəaliyyəti barədə mühasibat, maliyyə və statistika hesabatlarını müəyyən olunmuş qaydada aidiyyəti üzrə təqdim edir;

4.4.4. Yasaqlığın maddi-texniki təminatına ümumi rəhbərliyi həyata keçirir;

4.4.5. Yasaqlığın fəaliyyətinə aid olan məsələlərlə əlaqədar məhkəmədə iştirak edir;

4.4.6. Yasaqlığın nomenklaturasına daxil olan işçiləri vəzifəyə təyin və vəzifədən azad edir. onların barəsində qanunvericiliklə müəyyən olunmuş qaydada həvəsləndirmə və intizam tədbirləri görür:

4.4.7. dövlət, bələdiyyə və qeyri-hökumət təşkilatlarında Yasaqlığı vəkalətnaməsiz təmsil edir;

4.4.8. Qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri həyata keçirir.

5. Yasaqlığın mühafizəsi

5.1. Yasaqlığın mühafizəsi onun mühafizə işçiləri tərəfindən həyata keçirilir. Yasaqlığın mühafizəsinə Yasaqlığın direktoru və mühafizə işləri üzrə direktor müavini rəhbərlik edir.

5.2. Yasaqlığın mühafizə xidməti aşağıdakı hüquqlara malikdir:

5.2.1. Yasaqlığın ərazisində mövcud qanunçuluğu pozanların sənədlərini yoxlamaq, nəqliyyat vasitələrini saxlamaq, qanunvericiliklə müəyyən edilmiş qaydada nəqliyyat vasitələrini, hüquqpozmaya səbəb olmuş alətləri, cihazları və əşyaları, qanunsuz əldə edilmiş məhsulları, habelə müvafiq sənədlərı götürmək və qanunu pozan şəxslərdən izahat almaq;

5.2.2. Yasaqlığın ərazisində mövcud qanunvericiliyə və mühafizə rejiminə zidd olan fiziki və hüquqi şəxslərin fəaliyyətini dayandırmaq;

5.2.3. Yasaqlığın ərazisində qanunvericiliyi pozmuş, cinayət və ya inzibati xəta törətmiş şəxsləri qanunvericiliklə müəyyən edilmış qaydada saxlamaq, onları hüquq-mühafizə orqanlarının sərəncamına vermək;

5.2.4. Yasaqlığın ərazisində öz səlahiyyətləri daxilində inzibati xəta haqqında protokollar tərtib etmək;

5.2.5. Yasaqlığın ərazisində mühafizə və istifadə sahəsində pozuntu hallarını aradan qaldırmaq haqqında icrası məcburi olan göstərişlər vermək və digər tədbirlər görmək.

5.3. Yasaqlığın rejiminin pozulmasında təqsirkar olan şəxslər qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

5.4. Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında qanunvericiliyin pozulması nəticəsində Yasaqlığa vurulmuş zərər təbiətin mühafizəsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş qaydada ödənilir.

5.5. Yasaqlığın mühafizə rejimini həyata keçirən işçilərə xidməti vəzifələrini yerinə yetirərkən xüsusi geyim forması daşımaqla Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq xidməti silah saxlamaq və gəzdirmək hüququ verilir.

5.6. Yasaqlığın idarəetmə tədbirlərində bələdiyyələrin, ictimai birliklərin və əhalinin iştirak etmək hüququ vardır.

6. Yasaqğın mühafizəsi, qorunması və istifadəsinə dövlət nəzarəti

Yasaqlığın vəziyyətinə, mühafizəsi, qorunması və bərpası üzrə tədbirlərin yerinə yetirilməsinə, qanunvericiliklə nəzərdə tutulmuş qaydalara və tələblərə əməl olunmasına dövlət nəzarətini Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi həyata keçirir.