ÇIXARIŞ
Gündəlikdə duran məsələ:
1. Naxçıvan Muxtar Respublikası Babək rayonunun Cəhri bələdiyyəsinin Nizamnaməsinin təsdiq edilməsi haqqında Cəhri bələdiyyəsinin iclası
QƏRARA ALIR:
1.Naxçıvan Muxtar Respublikası Babək rayonunun Cəhri bələdiyyəsinin Nizamnaməsi təsdiq edilsin (əlavə edilir).
2. Nizamnamə qanunvericiliklə müəyyən edilmiş qaydada Naxçıvan Muxtar Respublikası Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinə təqdim edilsin.
3.
Qanunvericilyə əsasən Babək rayonunun Cəhri bələdiyyəsinin nizamnaməsində müvafiq
dəyişikliklər edilərək nizamnamə yeni redaksiyada
qəbul edildiyi üçün həmin bələdiyyənin 2000-ci il 15
mart tarixli 02 nömrəli qərarı ləğv
edilsin.
4. Qərarın icrası Cəhri bələdiyyəsinin sədrinə həvalə edilsin.
Sədr: Nüsrət Qurbanov
Katib: C.Əliyev
Təsdiq edilmişdir
Babək rayonunun Cəhri bələdiyyəsinin
20 iyul 2020-ci il tarixli iclasının
17 nömrəli qərarı
Sədr: Nüsrət Qurbanov
NAXÇIVAN MUXTAR RESPUBLİKASI
BABƏK RAYONUNUN CƏHRİ BƏLƏDİYYƏSİNİN
NİZAMNAMƏSİ
1. Ümumi müddəalar
1.1. Bu Nizamnamə Bələdiyyələrin statusu haqqında Azərbaycan Respublikasının 1999-cu il 2 iyul tarixli 698-IQ nömrəli Qanununa və Azərbaycan Respublikasının 1999-cu il 15 oktyabr tarixli 709-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş Bələdiyyənin nümunəvi nizamnaməsinə və digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmışdır.
1.2. Babək rayonunun Cəhri bələdiyyəsi (bundan sonra Bələdiyyə) Azərbaycan Respublikasının Konstitusiyasına, Bələdiyyələrin statusu haqqında Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının Seçki Məcəlləsinə uyğun olaraq ümumi, bərabər, birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilmiş bələdiyyə üzvlərindən ibarət kollegial orqan olub qanunla müəyyən edilmiş ərazi hüdudları daxilində yerli özünüidarəetməni həyata keçirmək məqsədilə yaradılmışdır.
1.3. Bələdiyyə fəaliyyətində Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının Konstitusiyalarını, digər normativ hüquqi aktları və bu Nizamnaməni rəhbər tutur.
1.4. Bələdiyyənin adı: Babək rayonunun Cəhri bələdiyyəsi.
1.5. Bələdiyyənin ünvanı: Babək rayonunun Cəhri qəsəbəsi. Babək rayonunun Cəhri bələdiyyəsi Babək rayonunun Cəhri qəsəbəsinin ərazi sərhədi daxilində özünüidarəetmə formasında fəaliyyət göstərir.
1.6. Bələdiyyə hüquqi şəxsdir, onun öz möhürü, ştampı, bankda hesabı vardır.
1.7. Bələdiyyə digər bələdiyyələrlə birlikdə öz fəaliyyətlərini əlaqələndirmək, hüquq və mənafelərini daha səmərəli həyata keçirmək məqsədilə ittifaqlar yarada bilər. Həmin ittifaqlar qanunvericiliyə uyğun qaydada qeydiyyata alınır. Bələdiyyə ittifaqlarına bələdiyyənin səlahiyyətləri verilmir.
2. Bələdiyyə üzvünün hüquq və vəzifələri
2.1. Bələdiyyə üzvü bələdiyyə seçkilərində seçilmiş, mandatı ərazi seçki komissiyası tərəfindən təsdiq edilmiş şəxsdir.
2.2. Bələdiyyənin iclaslarında bələdiyyə üzvünün müzakirə olunan məsələlər barəsində çıxış etmək, təkliflər və düzəlişlər vermək, qeydlər etmək, çıxış edənlərə və ya təyin edilməsinə razılıq verilən vəzifələrə göstərilmiş namizədlərə sual vermək, arayış vermək, səsvermədə iştirak etmək hüququ vardır.
2.3. Bələdiyyə üzvü bələdiyyənin, bələdiyyənin iclasları arasındakı dövrdə isə bələdiyyə sədrinin qabaqcadan razılığı olmadan əmək müqaviləsi ilə işlədiyi yerdə müdriyyətin təşəbbüsü ilə işdən çıxarıla bilməz, yaxud intizam tənbehi qaydasında azmaaşlı işə keçirilə bilməz.
2.4. Bələdiyyə üzvü 6 ayda bir dəfədən az olmayaraq seçicilərinə hesabat verir.
2.5. Bələdiyyə üzvü daimi yaşamaq üçün bələdiyyənin hüdudlarından kənara köçdükdə və ya başqa səbəblərdən bələdiyyə üzvlüyü vəzifələrini yerinə yetirə bilmədikdə, bələdiyyə üzvlüyü səlahiyyətlərini öhdəsindən götürməsi haqqında bələdiyyəyə ərizə verir.
2.6. Bələdiyyənin növbəti iclası ərizəyə baxıb müvafiq qərar qəbul edir və bu qərarı həmin dairənin seçicilərinin nəzərinə çatdırır.
3. Bələdiyyənin fəaliyyətinin təşkili. Bələdiyyənin iclasları
3.1. Bələdiyyənin iclası bələdiyyə üzvlərinin ümumi yığıncağıdır.
3.2. Bələdiyyə iclasında həll edilən məsələlər:
3.2.1. bələdiyyə üzvlərinin səlahiyyətlərinin tanınması, qanunla müəyyən edilmiş hallarda onların səlahiyyətlərinin itirilməsi və səlahiyyətlərinə xitam verilməsi;
3.2.2. bələdiyyənin reqlamentinin təsdiq edilməsi;
3.2.3. bələdiyyənin sədrinin, onun müavinlərinin, daimi və başqa komissiyalarının seçilməsi;
3.2.4. yerli vergilərin dərəcələrinin aşağı salınması barədə qərar qəbul edilməsi və yerli ödənişlərin müəyyən edilməsi;
3.2.5. növbəti büdcə ili üzrə yerli büdcənin layihəsini və onun icrası haqqında hesabatların təsdiq edilməsi;
3.2.6. bələdiyyə mülkiyyətinə sahiblik, ondan istifadə və onun barəsində sərəncam;
3.2.7. dövlət sosial təminatından əlavə mütəmadi və birdəfəlik sosial təminat, dövlətin həyata keçirdiyi sosial inkişaf proqramlarında nəzərdə tutulmayan və ya onlara əlavə olaraq, təhsil, səhiyyə, mədəniyyət, yaşayış və qeyri-yaşayış binalarının saxlanılması və istifadə edilməsi, sanitariya müəssisələrinin təşkili, saxlanılması və inkişafı, mənzil tikintisi, yerli əhəmiyyətli su mənbələrindən istifadə, su təchizatının və kanalizasiya təsərrüfatının təşkili, saxlanılması və inkişafı, yanacaq təchizinin və satışının təşkili, yerli əhəmiyyətli yolların tikilməsi və saxlanılması, mövcud qəbirstanlıqların qorunması, abadlaşdırılması, yeni qəbirstanlıq sahələrinin ayrılması, yas mərasimlərinin keçirilməsi üçün nəzərdə tutulmuş tikililərin təmiri və yenilərinin inşası, mərasim xidmətlərinin, o cümlədən bələdiyyənin ərazisində yaşayan əhalinin aztəminatlı təbəqəsindən olan mərhumların dəfn və yas mərasimlərinin təşkilinə yardım göstərilməsi, yerli nəqliyyat və rabitə xidmətinin təşkili, ticarət, ictimai iaşə və məişət xidmətlərinin təşkilinə şərait yaradılması, mədəniyyət müəssisələrinin inkişafına yardım göstərilməsi, tarix və mədəniyyət abidələrinin saxlanılması, informasiya xidmətinin təşkili, kütləvi informasiya vasitələrinin fəaliyyəti üçün şərait yaradılması, kimsəsizlərə, xəstələrə, qocalara, maddi imkansızlara, valideyn himayəsindən məhrum olmuş, həmçinin istedadlı uşaqlara əlavə yardım, fiziki tərbiyə və idmanın inkişafına yardım göstərilməsi, əhalinin məşğulluğuna, adamların peşələri üzrə işlə təmin olunmasına, gənclərin sosial hüquqi müdafiəsinə, ailə kəndli təsərrüfatının inkişafına kömək göstərilməsi və yerli infrastrukturun digər sahələrini əhatə edən yerli sosial müdafiə və sosial inkişaf proqramlarının qəbul və icra edilməsi. Bu məsələlər üzrə bələdiyyə dövlət orqanlarının müvafiq proqramlarının həyata keçirilməsinə müdaxilə edə bilməz;
3.2.8. dövlətin həyata keçirdiyi iqtisadi inkişaf proqramlarında nəzərdə tutulmayan və ya əlavə olaraq yerli əhəmiyyətli aqrar, sənaye, rabitə, nəqliyyat və digər sahələrin təşkili və inkişafını əhatə edən iqtisadi inkişaf proqramların qəbul və icra edilməsi. Bələdiyyə torpaqlarından və bələdiyyəyə verilmiş əmlakdan səmərəli istifadə yollarını müəyyən edən proqramlar işləyib hazırlayır və həyata keçirir. Yerli iqtisadi inkişaf proqramını həyata keçirərkən bələdiyyə dövlət orqanlarının səlahiyyətlərinin həyata keçirilməsinə müdaxilə edə bilməz;
3.2.9. dövlətin həyata keçirdiyi ekoloji proqramlarda nəzərdə tutulmayan və ya onlara əlavə olaraq yerli əhəmiyyətli ekoloji təmizlik məsələlərinin həllinə yerli əhalini cəlb etməklə yerli şəraitdə mövcud olan ekoloji tarazlığın qorunub saxlanılması, bələdiyyə ərazisinin yaşıllaşdırılması və abadlaşırılması, məişət tullantılarının yığılması, nəql edilməsi, zərərsizləşdirilməsi, emalı və bu sahədə başqa məsələlərin həlli üçün tədbirlər görülməsi, suyun, havanın, torpağın hər cür çirklənmədən qorunması, qonşu bələdiyyələrlə ekoloji tədbirlərin və yerli əhəmiyyətli digər tədbirləri əhatə edən ekoloji proqramların qəbul və icra edilməsi. Bələdiyyə dövlətin ekoloji proqramları ilə yerli ekoloji proqramların əlaqələndirilməsinə, müəyyən hallarda birgə tədbirlərin həyata keçirilməsinə yardım göstərir;
3.2.10. yerli rəy sorğusunu təyin etmək barədə qərar qəbul edir.
Bələdiyyənin daimi və başqa komissiyaları
3.3. Bələdiyyə öz səlahiyyətlərinə aid məsələlərin qabaqcadan nəzərdən keçirilməsi və hazırlanması üçün, habelə bələdiyyənin qərarlarının həyata keçirilməsinə yardım göstərilməsi, bələdiyyənin tabeliyində olan müəssisə, idarə və təşkilatın fəaliyyətinə nəzarət üçün daimi və başqa komissiyalar təşkil edir. Daimi və başqa komissiyalar səlahiyyətləri daxilində fəaliyyətlərinin təşkili məqsədi ilə öz işinə ekspertlər cəlb edə bilər. Daimi və başqa komissiyalar Azərbaycan Respublikasının 2000-ci il 14 aprel tarixli 859-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş Bələdiyyələrin daimi və başqa komissiyaları haqqında Əsasnamə və bu Nizamnamə əsasında fəaliyyət göstərir.
3.4. Bələdiyyənin daimi və başqa komissiyaları bələdiyyə üzvlərindən ibarətdir.
3.5. Bələdiyyənin daimi və başqa komissiyalarının əsas vəzifələri aşağıdakılardan ibarətdir:
3.5.1. yerli əhəmiyyətli sosial müdafiə və sosial inkişaf, ekoloji, iqtisadi inkişaf, yerli xidmət üzrə proqramlar hazırlayıb bələdiyyənin iclasına və ya yerli əhalinin müzakirəsinə çıxarmaq;
3.5.2. yerli əhəmiyyətli məsələləri müzakirə etmək, bələdiyyə iclaslarında müzakirə üçün proqramlar, arayışlar, qərar layihələri və başqa materiallar hazırlamaq;
3.5.3. bələdiyyə və onun icra aparatı üçün təkliflər hazırlamaq;
3.5.4. seçicilərin tapşırıqlarının yerinə yetirilməsinin təşkilinə və yoxlanılmasına kömək etmək.
3.6. Daimi və başqa komissiyalar bələdiyyə qarşısında məsuliyyət daşıyır və ona hesabat verir.
Bələdiyyənin icra orqanı
3.7. Bələdiyyənin icra orqanı onun icra aparatıdır.
3.8. Bələdiyyənin icra aparatı bələdiyyənin sərdindən, yerli əhaliyə xidmət, iqtisadi, ekoloji, sosial müdafiə və sosial inkişaf proqramlarını həyata keçirmək üçün yaradılan idarə, şöbə və digər struktur bölmələrdən ibarətdir.
3.9. Yerli əhaliyə xidmət, iqtisadi və sosial proqramlarını həyata keçirmək üçün yaradılan icra strukturlarının rəhbərlərini bələdiyyənin qərarına əsasən, digər işçilərini isə birbaşa bələdiyyənin sədri vəzifəyə təyin edir.
3.10. Bələdiyyənin icra aparatının fəaliyyətinə bələdiyyənin sədri rəhbərlik edir.
3.11. Bələdiyyənin icra aparatının strukturu onun qarşısında duran vəzifələrdən və maliyyə vəziyyətindən asılı olaraq bələdiyyə iclasının qərarı ilə təsdiq edilir.
3.12. Bələdiyyənin icra aparatının səlahiyyətlərinə aşağıdakılar daxildir:
3.12.1. bələdiyyəyə baxılmaq və təsdiq edilmək üçün təqdim edilən büdcə, plan, proqram və qərar lahiyələrinin hazırlanması;
3.12.2. bələdiyyənin qəbul etdiyi qərarların yerinə yetirilməsi;
3.12.3. bələdiyyə sədrinin qəbul etdiyi qərarların yerinə yetirilməsi;
3.12.4. bələdiyyə mülkiyyətinin və bələdiyyənin istifadəsinə verilmiş başqa mülkiyyətin idarə edilməsi;
3.12.5. Qanunvericiliyə əsasən ona həvalə edilmiş digər səlahiyyətlərin həyata keçirilməsi;
3.12.6. Bələdiyyənin qanunla müəyyən edilmiş səlahiyyətlərinin həyata keçirilməsinin təşkili.
Vətəndaşların yığıncaqları
3.13. Bu Nizamnaməyə uyğun olaraq, əhalinin yerli əhəmiyyətli məsələlərə dair bələdiyyə aktları yaratmaq təşəbbüsü göstərmək hüququ vardır. Yerli əhəmiyyətli məsələlər barəsində əhalinin bələdiyyəyə verdiyi bələdiyyə aktlarının layihələri hökmən əhalinin nümayəndələrinin iştirakı ilə açıq iclaslarda müzakirə olunmalı, nəticələri rəsmən elan edilməlidir.
3.14. Yerli özünüidarənin həyata keçirilməsində vətəndaşlar Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının Konstitusiyalarına və Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının qanunlarına, habelə bu Nizamnaməyə zidd olmayan digər formalarda (məhəllə komitələri, assosiyalar, xeyriyyə təşkilatları və sair) iştirak edə bilərlər.
3.15. Qanunla müəyyən edilmiş hallarda yerli əhəmiyyətli məsələlərə münasibət bildirmək, təkliflər irəli sürmək, kollektiv rəy söyləmək, qərarlar qəbul etmək məqsədi ilə Bələdiyyə ərazisində yaşayan vətəndaşlar öz yığıncaqlarını keçirə bilərlər.
3.16. Vətəndaşların yığıncaqlarında 18 yaşı tamam olmuş vətəndaşların iştirak etmək hüququ vardır.
3.17. Vətəndaşların yığıncaqlarında bələdiyyənin Nizamnaməsi və başqa qərarlar qəbul edilir, dəyişdirilir və ləğv olunur.
3.18. Vətəndaşların yığıncaqları bələdiyyənin ərazisnidə yaşayan və səsvermə hüququ olan vətəndaşların azı 25 faizi iştikar etdikdə səlahiyyətlidir.
4. Bələdiyyə sədri və sədr müavininin səlahiyyət müddəti
4.1. Bələdiyyənin sədri yeni seçilmiş bələdiyyənin birinci iclasında bələdiyyə üzvləri sırasından açıq və ya gizli səsvermə yolu ilə seçilir. Bələdiyyənin sədri bələdiyyə üzvlərinin yarısından çoxunun səsini topladıqda seçilmiş hesab olunur.
4.2. Bələdiyyə sədrinin müavini bələdiyyə üzvləri sırasından açıq və ya gizli səsvermə yolu ilə seçilir. Bələdiyyə sərdinin müavini bələdiyyə üzvlərinin yarıdan çoxunun səsini topladıqda seçilmiş hesab olunur.
4.3. Bələdiyyənin sədri və onun müavinləri aşağıdakı hallarda Bələdiyyələrin statusu haqqında Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinin 1-ci və 2-ci hissələrində göstərilən qaydada vaxtından əvvəl vəzifəsindən azad edilirlər:
4.3.1. öz arzusu ilə yazılı müraciət etdikdə;
4.3.2. bələdiyyə iclasının səlahiyyətlərinə aid olan məsələlər barədə təkbaşına sərəncam verdikdə;
4.3.3. bələdiyyə qərarlarının icrasını təmin etmədikdə (qanunvericiliyə zidd olan və həlli imkan səlahiyyətlərindən kənar qərarlar istisna olmaqla);
4.3.4. əmək qabiliyyətinin fasiləsiz olaraq, 6 aydan çox müddətdə tam itirməsi ilə əlaqədar vəzifəni yerinə yetirə bilmədikdə;
4.3.5. qanunvericiliklə üzərinə qoyulmuş vəzifələri 3 ay müddətində yerinə yetirmədikdə;
4.3.6. Bələdiyyələrin maliyyəsinin əsasları haqqında Azərbaycan Respublikası Qanununun 10-cu maddəsində göstərilən qaydada yerli büdcənin müzakirəsini və təsdiqini təşkil etmədikdə;
4.3.7. Qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda.
4.4. Bələdiyyənin sədri əmr və sərəncamlar verir, bələdiyyənin qərarlarını imzalayır.
4.5. Bələdiyyə sədrinin müavini bələdiyyə sədrinin ona aid etdiyi məsələləri həll edir, bələdiyyə sədri olmadıqda onun səlahiyyətlərini həyata keçirir.
5. Bələdiyyə aktlarının qəbul edilməsi və qüvvəyə minməsi qaydası
5.1. Bələdiyyə iclaslarında baxılan yerli vergilər və ödənişlərlə bağlı qərarlar bələdiyyə üzvlərinin üçdə iki səs çoxluğu ilə, digər qərarlar isə bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir.
5.2. Bələdiyyənin normativ xarakterli aktları bələdiyyə iclasları tərəfindən təsdiq olunduqdan sonra bələdiyyənin sədri, o olmadıqda isə onun vəzifəsini icra edən müavini tərəfindən imzalanmış müşayiət məktubu ilə birgə Naxçıvan Muxtar Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə təqdim edilir.
5.3. Bələdiyyənin normativ xarakterli aktları onların qüvvəyə minməsinin daha gec müddəti nəzərdə tutulmadıqda, Naxçıvan Muxtar Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildikdən sonra Dövlət Reyestrinin elektron variantında dərc edildiyi gündən qüvvəyə minir.
6. Bələdiyyələrin, bələdiyyə orqanlarının və onların
vəzifəli şəxslərinin məsuliyyətinin əsasları və növləri
6.1. Bələdiyyələr, bələdiyyə orqanları və onların vəzifəli şəxsləri öz fəaliyyətlərinə və qəbul etdikləri qərarlara, hüquqazidd hərəkərlərinə (hərəkətsizliyinə) görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.
6.2. Bələdiyyələrin, bələdiyyə orqanlarının və onların vəzifəli şəxslərinin qərar və hərəkətlərindən (hərəkətsizliyindən) inzibati qaydada və məhkəməyə qanunla müəyyənləşdirilmiş qaydada şikayət verilə bilər.
7. Bələdiyyənin hesabatı
7.1. Bələdiyyə aşağıdakı hallarda öz fəaliyyəti barəsində Azərbaycan Respublikasının Milli Məclisinə hesabat təqdim edir:
7.1.1. Azərbaycan Respublikası Konstitusiyasının 144-cü maddəsinin II hissəsinə əsasən qanunvericilik hakimiyyəti tərəfindən bələdiyyəyə verilmiş əlavə səlahiyyətlərin həyata keçirilməsi barədə;
7.1.2. Bələdiyyələrin statusu haqqında Qanunla müəyyən edilmiş hallarda yerli büdcələrə Azərbaycan Respublikasının Dövlət büdcəsindən ayrılmış maliyyə vəsaitlərinin istifadəsi barədə.
7.2. Bələdiyyə ilin yekununa görə aprel ayının 1-dək hesabat təqdim edir.
8. Bələdiyyə üzvlərinin statusu və sosial təminatları
8.1. Bələdiyyə üzvünün səlahiyyət müddəti 5 ildir.
8.2. Bələdiyyə üzvlərinin səlahiyyətləri yalnız bələdiyyənin səlahiyyət müddətində qüvvədədir.
8.3. Bələdiyyə üzvləri Bələdiyyələrin statusu haqqında Qanunun 15-ci maddəsində nəzərdə tutulmuş say həddində öz səlahiyyətlərini daimi əsasla icra edirlər.
8.4. Öz səlahiyyətlərini daimi əsasla icra edən bələdiyyə üzvlərinə:
8.4.1. əmək haqqı bələdiyyə büdcəsinin vəsaiti hesabına ödənilir;
8.4.2. səlahiyyət müddəti onun ümumi və fasiləsiz iş stajına daxil edilir.
8.5. Bələdiyyə üzvünə müalicə olunması və istirahət etməsi üçün bələdiyyə büdcəsi hesabına iki aylıq əmək haqqı məbləğində pul təminatı verilir.
8.6. Bələdiyyə üzvləri səlahiyyət müddəti qurtardıqdan sonra yeni müddətə seçilmədikdə bələdiyyə büdcəsinin vəsaiti hesabına üç ay ərzində müavinət alırlar.
9. Bələdiyyə üzvlərinin səlahiyyətlərinə xitam verilməsi əsasları və qaydası
9.1. Bələdiyyə üzvlərinin səlahiyyətlərinə onların səlahiyyət müddəti qurtardıqda xitam verilir.
9.2. Bələdiyyə üzvlərinin səlahiyyətlərinə aşağıdakı əsaslara görə vaxtından əvvəl xitam verilir:
9.2.1. bələdiyyə seçkiləri zamanı səslərin düzgün hesablanmadığı aşkar edildikdə;
9.2.2. öz arzusu ilə bələdiyyə üzvlüyündən çıxmaq barədə yazılı ərizə verdikdə;
9.2.3. bələdiyyə üzvlüyünə namizədlər üçün qanunla müəyyən edilmiş tələblərə uyğun gəlmədiyi aşkar edildikdə;
9.2.4. qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında məsul vəzifə tutduqda və ya bələdiyyə qulluqçusu kimi vəzifə tutduqda;
9.2.5. dörd aydan artıq müddətdə xəstəliyi ilə əlaqədar vəzifəsini yerinə yetirməsinin qeyri-mümkünlüyü barədə məhkəmə tərəfindən təşkil edilmiş xüsusi həkim komissiyasının rəyi olduqda;
9.2.6. bələdiyyə iclaslarını üç ay üzrsüz səbəbdən buraxdıqda.
9.3.Bələdiyyə üzvlərinin səlahiyyətlərinə xitam verilməsi Azərbaycan Respublikası Konstitusiyasının 144-cü və 145-ci maddələrinə müvafiq surətdə bələdiyyə iclasının sadə səs çoxluğu ilə qəbul etdiyi qərarı əsasında həll edilir. Bu hissənin 8.2.1-ci, 8.2.3-cü və 8.2.5-ci yarımbəndlərində nəzərdə tutulmuş əsaslar olduqda bələdiyyə qərarı məhkəmənin qüvvəyə minmiş qərarından sonra qəbul edilir.
10. Bələdiyyə üzvünün fəaliyyəti ilə əlaqədar məsuliyyət və intizam tədbirləri
10.0. Bələdiyyə üzvü barəsində bələdiyyədə fəaliyyəti ilə əlaqədar aşağıdakı hallarda intizam tədbirləri tətbiq edilir:
10.0.1. bələdiyyə iclaslarının aparılmasına mane olduqda xəbərdarlıq, sözkəsmə, iclas zalından çıxarma intizam tədbirləri tətbiq edilir, ikinci dəfə və sonralar belə hərəkətlərə yol verdikdə töhmət elan edilir;
10.0.2. bələdiyyənin, onun daimi və başqa komissiyalarının iclaslarında insanın şərəf və ləyaqətinə xələl gətirən kobud, təhqiramiz sözlərə və hərəkətlərə yol verildikdə, başqalarını bu cür hərəkətlər etməyə çağırdıqda xəbərdarlıq, sözkəsmə, iclas zalından çıxarma və töhmət elan edilir;
10.0.3. Korrupsiyaya qarşı mübarizə haqqında Qanunun 5.1-ci maddəsində müəyyən edilmiş tələblərə əməl etmədikdə və ya həmin Qanunun 9-cu maddəsində göstərilən hüquqpozmaları törətdikdə (onlar inzibati və ya cinayət məsuliyyəti yaratmadıqda) xəbərdarlıq və töhmət elan edilir.
11. Bələdiyyə üzvlərinin səlahiyyətlərinin itirilməsi əsasları və qaydası
11.1. Bələdiyyə üzvlərinin səlahiyyətləri aşağıdakı hallarda itirilmiş hesab edilir:
11.1.1. barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair qərarı olduqda;
11.1.2. fəaliyyət qabiliyyətsizliyi və ya məhdud fəaliyyət qabiliyyəti məhkəmə tərəfindən müəyyən edildikdə;
11.1.3. Azərbaycan Respublikası vətəndaşlığından çıxdıqda, başqa dövlətin vətəndaşlığını qəbul etdikdə və ya digər dövlət qarşısında öhdəlik götürdükdə;
11.1.4. vəfat etdikdə;
11.1.5. məhkəmə tərəfindən ölmüş elan edildikdə və ya itkin düşmüş hesab edildikdə.
11.2. Bələdiyyə üzvlərinin səlahiyyətlərinin itirilməsi Azərbaycan Respublikası
Konstitusiyasının 144-cü və 145-ci maddələrinə müvafiq surətdə bələdiyyə iclasının sadə səs çoxluğu ilə qəbul etdiyi qərarı əsasında həll edilir. Bu hissənin 9.1.1-ci, 9.1.2.-ci, 9.1.3-cü və 9.1.5-ci yarımbəndlərində nəzərdə tutulmuş əsaslar olduqda bələdiyyə qərarı məhkəmənin qüvvəyə minmiş qərarından sonra qəbul edilir.
12. Bələdiyyə üzvlərinin, bələdiyyə orqanlarının vəzifəli şəxslərinin hüquqları üçün təminatlar
12.1. Bələdiyyənin Azərbaycan Respublikası Konstitusiyası və qanunları ilə müəyyənləşdirilmiş hüquqlarının məhdudlaşdırılması qadağandır.
12.2. Konstitusiya quruluşunun qorunması, ölkənin müdafiəsi və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə vətəndaşların yerli özünüidarənin həyata keçirilməsi hüquqları yalnız qanuna əsasən və qanunda müəyyənləşdirilmiş müddətə məhdudlaşdırıla bilər.
12.3. Bələdiyyənin qəbul etdiyi qərarlar bələdiyyənin ərazisində yerləşən hüquqi və fiziki şəxslərin hüquq və səlahiyyətlərinin pozulmasına yönəldilə bilməz.
12.4. Bələdiyyənin qəbul etdiyi qərarlar təşkilati-hüquqi formasından asılı olmayaraq, bələdiyyənin ərazisində yerləşən bütün hüquqi və fiziki şəxslər tərəfindən hökmən icra edilməlidir.
12.5. Bələdiyyə qərarları onları qəbul etmiş orqan tərəfindən ləğv oluna və ya məhkəmənin qərarı ilə etibarsız sayıla bilər.
12.6. Bələdiyyə ərazisində yaşayan vətəndaşlar, bələdiyyələr, bələdiyyə orqanları və bələdiyyə orqanlarının vəzifəli şəxsləri dövlət hakimiyyəti orqanlarının və dövlətin vəzifəli şəxslərinin, bələdiyyələrin, bələdiyyə orqanlarının və bələdiyyə orqanlarının vəzifəli şəxslərinin, bələdiyyənin yaratdığı hüquqi şəxslərin, habelə ictimai birliklərin bələdiyyənin hüquqlarını pozan aktlarının etibarsız sayılması barədə, habelə bələdiyyə üzvləri və bələdiyyə orqanlarının vəzifəli şəxslərinin hüquqlarının şərəf və ləyaqətlərinin müdafiəsi ilə əlaqədar məhkəməyə iddia verə bilərlər.
13. Bələdiyyə qulluğu təşkilinin şərtləri və qaydası
13.1. Bələdiyyə orqanlarında təyin olunmaqla vəzifə tutan və ödənişli əsaslarla xidmət göstərən fiziki şəxslər bələdiyyə qulluqçularıdır.
13.2. Bələdiyyə üzvü bələdiyyə qulluqçusu kimi fəaliyyət göstərə bilməz.
13.3. Bələdiyyə sədri və bələdiyyənin icra aparatı struktur bölmələrinin rəhbərləri bələdiyyə qulluğu ilə bağlı təşkilati rəhbərliyi həyata keçirir və aşağıdakı vəzifələr daşıyırlar:
13.3.1. Bələdiyyə qulluğu haqqında Azərbaycan Respublikası Qanununun yerinə yetirilməsi üzərində nəzarət;
13.3.2. əlavə təhsil sahəsində işin təşkil edilməsi;
13.3.3. bələdiyyə qulluqçularının yerdəyişməsinə dair təkliflərin verilməsi;
13.3.4. bələdiyyə tərəfindən qəbul edilmiş qərarların icra edilməsi.
13.4. Bələdiyyə qulluqçularının aşağıdakı hüquqları vardır:
13.4.1. işə qəbul etmək və işdən azad etmək səlahiyyətinə malik olan vəzifəli şəxsdən öz xidməti vəzifələrinin yazılı surətdə təsbit edilməsini və onların həyata keçirilməsi üçün zəruri şəraitin yaradılmasını tələb etmək;
13.4.2. vəzifə səlahiyyətlərinin yerinə yetirilməsi üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada müvafiq orqanlardan, idarə, təşkilat və vətəndaşlardan zəruri məlumat və sənədləri almaq;
13.4.3. səlahiyyətləri daxilində məsələlərin baxılmasında və onların həlli ilə əlaqədar qərar qəbul edilməsində iştirak etmək;
13.4.4. həmkarlar ittifaqı yaratmaq, onlara daxil olmaq və təmsil etmək;
13.4.5. əlavə təhsil almaq;
13.4.6. bələdiyyə qulluğunun təkmilləşdirilməsi üzrə təkliflər vermək;
13.4.7. öz hüquq və azadlıqlarının müdafiəsinin təminatını tələb etmək.
13.5. Bələdiyyə qulluqçularının vəzifələri:
13.5.1. öz fəaliyyətində Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının Konstitusiyalarına və Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının qanunlarına əməl etmək;
13.5.2. vətəndaşların, müəssisə, idarə və təşkilatların müraciətlərinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada baxmaq;
13.5.3.rəhbərliyin Bələdiyyələrin statusu haqqında Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının digər qanunvericilik aktları və bu Nizamnamə ilə müəyyən edilmiş səlahiyyətləri çərçivəsində qəbul etdiyi qərar və sərəncamları yerinə yetirmək;
13.5.4. əmək və icra intizamına riayət etmək;
13.5.5.yerli icra hakimiyyətlərinin müvafiq strukturları ilə fəaliyyətlərini əlaqələndirmək və yerli problemlərin həllində qarşılıqlı fəaliyyət göstərmək.
13.6. Bələdiyyə qulluqçuları üçün qulluqla bağlı aşağıdakı qadağalar nəzərdə tutulur:
13.6.1. qanunverici, icra və məhkəmə orqanlarında vəzifə tutmaq, habelə Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin üzvü olmaq;
13.6.2. vəzifəsinin icrası ilə bağlı ona bəlli olan məlumatdan xidməti vəzifədən kənar məqsədlər üçün istifadə etmək.
13.7. Bələdiyyə qulluqçularına bələdiyyələrdə qulluğa təyin edildikdən sonra xidməti vəsiqə verilir.
13.8. Bələdiyyə icra aparatının tərkibi bələdiyyənin fəaliyyət göstərdiyi ərazidən, qarşısında duran vəzifələrdən və maliyyə vəsaitindən asılı olaraq bələdiyyə tərəfindən təyin edilən idarə rəisləri və rəis müavinindən, şöbə müdirləri və onların müavinindən, mütəxəssislərdən, müfəttişlərdən və digər işçilərdən təşkil olunur.
14. Yerli özünüidarənin həyata keçirilməsinin iqtisadi və maliyyə əsasları, bələdiyyə mülkiyyətinə
sahibliyin, ondan istifadənin və ona sərəncam verilməsinin ümumi qaydası
14.1. Yerli özünüidarənin iqtisadi əsaslarını bələdiyyə mülkiyyəti, yerli maliyyə, dövlət mülkiyyətində olan və bələdiyyənin istifadəsinə verilmiş bələdiyyə əhalisinin tələbatının ödənilməsinə xidmət edən əmlak təşkil edir.
14.2. Bələdiyyə öz əmlakına dair mülkiyyətçi hüququna malikdir, yəni sərbəst olaraq əmlakına sahiblik edir, ondan istifadə edir və ona sərəncam verir.
14.3. Bələdiyyə mülkiyyətinin tərkibinə yerli vergilər və ödənişlər hesabına formalaşan yerli büdcənin vəsaiti, bələdiyyənin büdcədənkənar fondları, bələdiyyə əmlakı, habelə bələdiyyə torpaqları, bələdiyyə müəssisələri və təşkilatları, bələdiyyə mənzil fondları və qeyri yaşayış binaları, dövlət və xüsusi mülkiyyətdə olmayan yollar, bələdiyyə təhsil, səhiyyə, mədəniyyət və idman müəssisələri və digər daşınar və daşınmaz əmlak daxildir.
14.4. Bələdiyyə bələdiyyə mülkiyyətini idarə edir. Bələdiyyə mülkiyyətinin tərkibinə daxil olan əmlak barəsində mülkiyyət hüququnu bələdiyyə, Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş hallarda isə bilavasitə əhali həyata keçirir.
14.5. Qanuna uyğun olaraq bələdiyyələr bələdiyyə mülkiyyəti obyektlərini fiziki və hüquqi şəxslərin müvəqqəti və ya daimi istifadəsinə, icarəsinə verə bilər, qanunla müəyyənləşdirilmiş qaydada özgəninkiləşdirə bilər, habelə bələdiyyə mülkiyyətində olan əmlak barəsində başqa əqdlər bağlaya bilər, özəlləşdirilən və ya istifadəyə verilən obyektlərdən istifadə şərtlərini müqavilə və sazişlərlə müəyyənləşdirə bilər. Yerli əhalinin mənafeyi naminə bələdiyyənin hüdudları daxilində olan torpaqlardan istifadə şərtlərini müəyyənləşdirə bilər.
14.6. Bələdiyyə mülkiyyətinin özəlləşdirilməsi qaydası və şərtlərini bələdiyyə müstəqil surətdə müəyyənləşdirir və özəlləşdirmədən daxil olan vəsaitlər bütünlükdə yerli büdcəyə daxil olur.
14.7.Bələdiyyə mülkiyyətindən yalnız Azərbaycan Respublikasının Konstitusiyası və Bələdiyyələrin statusu haqqında Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş bələdiyyə vəzifələri üçün istifadə oluna bilər.
14.8. Qanuna uyğun olaraq bələdiyyə təsərrüfat fəaliyyəti ilə və qanunvericiliklə qadağan edilməmiş başqa fəaliyyətlə məşğul olmaq üçün müstəqil hüquqi şəxslər yarada bilər, onların yenidən təşkili və ləğvi məsələlərini həll edə bilər.
14.9. Bələdiyyə yaratdığı hüquqi şəxslərin fəaliyyət məqsədlərini, şərtlərini və qaydasını müəyyənləşdirir, onların məhsulunun (xidmətlərinin) qiymətlərini və tariflərini tənzimləyir, nizamnamələrini təsdiq edir, rəhbərlərini təyin və azad edir, fəaliyyətinə dair hesabatlarını dinləyir.
14.10. Bələdiyyə yaratdığı hüquqi şəxslərin rəhbərləri ilə münasibətləri mülki və əmək qanunvericiliyi, digər hüquqi və fiziki şəxslərlə münasibətləri isə müqavilələr əsasında qurur.
14.11. Bələdiyyə ərazisinin kompleks sosial-iqtisadi inkişafında hüquqi və fiziki şəxslərin iştirakını əlaqələndirə bilər.
14.12. Bələdiyyə öz maddi və maliyyə vəsaitlərindən istifadə etməklə bələdiyyə ərazisinin abadlaşdırılması, əhaliyə kommunal xidmətlər göstərilməsi, sosial infrastruktur obyektlərinin tikintisi və təmiri, ərazi əhalisinin məişət və sosial-mədəni tələbatının ödənilməsi üçün zəruri məhsulların istehsalı, xidmətlərin göstərilməsi və digər işlərin görülməsi üçün sifarişçi kimi çıxış edə bilər.
14.13. Bələdiyyə yerli əhalinin mənafeyi üçün qanunla müəyyənləşdirilmiş qaydada xarici iqtisadi fəaliyyətlə məşğul ola bilər.
14.14. Bələdiyyə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada və şərtlərlə məqsədli büdcədənkənar fondlar yarada bilər.
14.15. Bu Nizamnamə Naxçıvan Muxtar Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinin elektron variantında dərc edildiyi gündən qüvvəyə minir.