Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 5 iyul 2012-ci il

tarixli  62-IV FR nömrəli Fərmanı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar

Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnamə”yə

əsasən “Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin

 “Naxçıvanterminalkompleks” Birliyi haqqında Əsasnamənin

təsdiq edilməsi” haqqında

 

Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin Kollegiyası Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 5 iyul 2012-ci il  tarixli 62-IV FR nömrəli Fərmanı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnamə”nin 5.11.5-ci yarımbəndinə əsasən

 

Q Ə R A R A  A L I R:

 

1. Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin “Naxçıvanterminalkompleks” Birliyi haqqında Əsasnamə təsdiq edilsin (əlavə olunur).

2. Komitənin Hüquqşünası (Maqsud Səfərov) təsdiq olunmuş Əsasnamənin  Naxçıvan Muxtar Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün isə Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilməsini təmin etsin.

3. Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin “Naxçıvanterminalkompleks” Birliyi haqqında 04.07.2007-ci il tarixdə təsdiq edilmiş Əsasnamə, 03.09.2008-ci il tarixdə təsdiq edilmiş Nizamnamə, həmçinin Birliyin struktur bölmələri haqqında  Əsasnamə və Vəzifə təlimatları ləğv edilsin.

4. Komitə sədrinin müavini Səhət Həbibbəyli Kollegiyanın qərarının icrasını nəzarətə götürsün.

5. Ümumi şöbə (Minayə Nəsirova) qərarın aidiyyatı üzrə tanış edilməsini və göndərilməsini təmin etsin.

 

 

 

Kollegiyanın sədri:                           Asəf Məmmədov

 

 

 

 

 

Naxçıvan Muxtar  Respublikası Dövlət Gömrük

Komitəsinin Kollegiyasının 27.11.2012-ci il tarixli,

101/05/005 saylı  Qərarı ilə təsdiq edilmişdir

 

 

 

Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin

 “Naxçıvanterminalkompleks” Birliyi haqqında

 

ƏSASNAMƏ

 

1.      Ümumi  müddəalar

 

1.1. “Naxçıvanterminalkompleks” Birliyi (bundan  sonra – “Birlik”) Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin  05  iyul 2012-ci il tarixli 62-IV FR  saylı “Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnamənin və Komitənin strukturunun təsdiq edilməsi barədə” Fərmanına   uyğun  olaraq  təşkil   edilmiş və Naxçıvan  Muxtar  Respublikası  Dövlət  Gömrük  Komitəsinin (bundan sonra – “Komitə”) strukturuna daxil  olan  hüquqi şəxsdir.

1.2. Birlik öz  fəaliyyətində Azərbaycan  Respublikasının  və  Naxçıvan  Muxtar  Respublikasının  Konstitusiya  və  Qanunlarını,  Azərbaycan Respublikasının Gömrük Məcəlləsini (bundan sonra – Məcəllə), Azərbaycan  Respublikası Prezidentinin və  Naxçıvan  Muxtar  Respublikasının  Ali  Məclisi  Sədrinin  fərman və sərəncamlarını, Azərbaycan  Respublikası  və  Naxçıvan  Muxtar  Respublikası  Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan  Respublikası və Naxçıvan  Muxtar Respublikası  Dövlət Gömrük  Komitəsinin  onun  fəaliyyətini  tənzimləyən  normativ  aktlarını, gömrük işinə dair digər qanunvericilik aktlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri və  bu  Əsasnaməni  rəhbər tutur.

1.3. Birliyin yaradılması, yenidən təşkili və ləğv edilməsi qanunvericiliyə uyğun olaraq Komitə tərəfindən həyata keçirilir.

1.4. Birlik  qanunvericiliklə müəyyən  olunmuş  qaydada gömrük brokeri və digər fəaliyyət növləri ilə məşğul olur, təsərrüfat  hesablı  və  özünümaliyyələşdirmə  əsasında fəaliyyət göstərir,  Komitə  tərəfindən  ona həvalə  edilmiş  vəzifələri  yerinə  yetirir  və fəaliyyəti  ilə  əlaqədar  qanunvericiliklə  müəyyən  edilmiş  hüquqlarından  istifadə  edir.

1.5. Birlik  qarşısında duran vəzifələri yerinə yetirmək məqsədilə Komitə, gömrük orqanları, müəssisə  və təşkilatlarla, habelə  xarici  iqtisadi  fəaliyyətlə  məşğul  olan fiziki  şəxslərlə  qarşılıqlı  əlaqədə fəaliyyət göstərir.

1.6. Birlik  müstəqil balansa, qanunvericiliyə uyğun olaraq istifadəsində olan əmlaka, bank hesablarına, üzərində  Dövlət gerbi təsvir  olunmuş və öz adı  həkk olunmuş möhürə, müvafiq ştamplara və blanklara malikdir.

1.7. Birliyin saxlanma xərcləri və fəaliyyəti müəyyən  olunmuş  qaydada  yaradılan xarici  iqtisadi   fəaliyyət  və  maddi  həvəsləndirmə  fondları, habelə təsərrüfat  fəaliyyətindən əldə olunan gəlirlər və  digər  ayırmalar hesabına maliyyələşdirilir.

1.8. Birlik  Culfa şəhərində yerləşir.

2.  Birliyin  fəaliyyət istiqamətləri

2.1. Birliyin  fəaliyyət istiqamətləri   aşağıdakılardır:

2.1.1. öz  səlahiyyətləri  daxilində  gömrük  və  digər  qanunvericiliklərin  tələblərinə  riayət  edilməsini  təmin  edir, dövlətin iqtisadi maraqlarını qoruyur;

2.1.2. qanunvericiliklə müəyyən  olunmuş  qaydada gömrük prosedurları üzrə sənədlərin  hazırlanması,  yüklərin çəkilməsi, həmçinin  gömrük  nəzarəti  altında olan  yüklərin saxlanılması, qorunması  və  salamatlığının  təmin edilməsi  üzrə  xidmətlər göstərir;

2.1.3. xarici iqtisadi əlaqələrin həyata keçirilməsində muxtar respublikanın müəssisələrinə, idarələrinə, təşkilatlarına,  habelə  xarici  iqtisadi  fəaliyyətlə  məşğul  olan hüquqi  və  fiziki  şəxslərə ödənişli  əsaslarla  xidmət  göstərir;

2.1.4. xarici ticarətdə yüklərin daşınmasının təşkili və təkmilləşdirilməsi üzrə tədbirlər hazırlayır  və həyata  keçirir;

2.1.5. gömrük  işi  ilə  əlaqədar  səlahiyyətli  dövlət  orqanlarının  qərarları ilə  müsadirə  edilmiş, habelə  gömrük  orqanları  tərəfindən  girov  kimi  götürülmüş  mallar və nəqliyyat  vasitələri  üzərində  qanunvericiliyə uyğun əməliyyatlar həyata  keçirir, müvafiq  malları realizə edir;

2.1.6. Komitənin  razılığı  ilə  ödənişli  əsaslarla  müxtəlif  istiqamətli  xidmət  sahələri  yaradır və  onların  fəaliyyətini  təmin edir.

3.  Birliyin vəzifələri

3.1. Birlik bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir:

3.1.1. xarici  iqtisadi fəaliyyət üçün zəruri  olan  sənədlərin hazırlanması, gömrük prosedurları altında yerləşdirilməli olan  mal və nəqliyyat vasitələrinin bəyan  edilməsi  və  gömrük  bəyannamələrinin  tərtib  edilməsi  ilə əlaqədar olaraq gömrük  brokeri  və bəyanetmə prosesində texniki  xidmətlərin  göstərilməsi  fəaliyyətini həyata keçirmək;

3.1.2. qanunvericilikdə müəyyən olunmuş qaydada muxtar respublika  ərazisində  gömrük  və  müvəqqəti  saxlanc  anbarları, rüsumsuz  ticarət  və  firma  mağazaları  təsis  etmək  və  onların  fəaliyyətini   təmin  etmək;  

3.1.3. gömrük sərhədindən keçirilən yüklərin çəkisini müəyyənləşdirən  tərəzilərin   qurulması  və  işlədilməsini  təmin  etmək;        

3.1.4. muxtar respublikadan idxal, ixrac və tranzit istiqamətində  keçən   yüklərin  gömrük orqanlarının yerləşdiyi ərazilərdə və gömrük  sərhəd buraxılış  məntəqələrində  qanunvericiliyə əsasən tərəzilərdə  çəkilməsini  təmin etmək;

3.1.5. müvafiq dövlət orqanları  tərəfindən  müsadirə  edilmiş  malların və  nəqliyyat  vasitələrinin  gömrük  hərracları  vasitəsi  ilə  realizə  edilməsini  və  əldə  edilmiş  vəsaitin  qanunvericilikdə  nəzərdə  tutulmuş  qaydada  gömrük  sisteminin  büdcədənkənar  inkişaf  fonduna  köçürülməsini  təmin etmək;

3.1.6. hüquqi və fiziki şəxslər tərəfindən xarici dövlətlərə, o cümlədən xarici dövlətlərin ərazisindən keçməklə Azərbaycan Respublikasının digər bölgələrinə  yüklərin  daşınmasını  təşkil  etmək, avtomaşınlara  beynəlxalq  yük  qaiməsi (CMR)  yazmaq və  daşınmanın  təkmilləşdirilməsi  işində  iştirak  etmək;

3.1.7. Komitənin  razılığı  ilə  gömrük  nəzarəti  zonalarında  və  ondan  kənarda  ödənişli əsaslarla  hüquqi  və  fiziki  şəxslərə  məxsus  yüklərin  daşınması,  saxlanması  və  qablaşdırılması  üzrə  xidmətlər  göstərmək;

3.1.8. Komitənin  razılığı  ilə  gömrük  orqanlarının  əməkdaşları  və  digər şəxslər üçün  ödənişli  əsaslarla  xidmət  sahələri təşkil  etmək;

3.1.9. Komitənin razılığı ilə ödənişli  əsaslarla  xarici  ticarət və  gömrük  işi  üzrə  kurslar  təşkil  etmək;

3.1.10. xarici  iqtisadi  fəaliyyəti  tənzimləyən  normativ aktlar, gömrük  qanunvericiliyi və gömrük  işinə dair digər qanunvericilik aktları barədə  xarici iqtisadi fəaliyyət iştirakçılarının və digər şəxslərin məlumatlandırılması üzrə məsləhətvermə işini təşkil  etmək;

3.1.11. Komitənin  razılığı ilə qanunvericiliyə uyğun olaraq sosial və mədəni tədbirlərin təşkilində iştirak etmək, həmçinin müxtəlif növ kommersiya fəaliyyətləri ilə məşğul olmaq;

3.1.12. fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.

4.  Birliyin  hüquqları

4.1.  Birlik  öz  vəzifələrini həyata keçirmək üçün  aşağıdakı  hüquqlara malikdir;

4.1.1. öz fəaliyyətini  həyata  keçirmək  üçün  qanunvericiliyin  tələblərinə  əsasən  müəssisələr təşkil  etmək, hər  cür  daşınan  və  daşınmaz  əmlak  əldə  etmək,  icarəyə  götürmək  və  icarəyə  vermək;

4.1.2. gömrük  orqanları  üçün  zəruri  olan  blankların, digər  sənədlərin, gömrük  qanunvericiliyinin, gömrük  işini  və  xarici  iqtisadi  əlaqələri  tənzimləyən  normativ  aktların, digər müvafiq  ədəbiyyat və sənədlərin  çap edilməsini təşkil  etmək;

4.1.3. səlahiyyətlərinə  aid  vəzifələrin  icrası  ilə  əlaqədar  gömrük  və  digər dövlət orqanlarına  yazılı  və  şifahi  sorğu  ilə  müraciət  etmək, işə  aid  sənədlər,  məlumatlar və müxtəlif  materiallar  tələb  etmək;

4.1.4. gömrük  bəyannamələrinin  təqdim edilməsi zamanı  öz  səlahiyyətləri  daxilində  hüquqi  və  ya  fiziki  şəxslərdən  lazım  olan sənəd və məlumatları  tələb  etmək;

4.1.5. Komitə və  digər  gömrük  orqanları ilə qarşılıqlı əlaqələr yaratmaq və birgə  fəaliyyət  göstərmək;

4.1.6. səlahiyyətlərinə aid vəzifələrin icrası ilə əlaqədar olaraq Komitə rəhbərliyinə və  gömrük  orqanlarına   təkliflər  vermək;

4.1.7. gömrük işinin təkmilləşdirilməsinə  yönəldilmiş  tədbirlərdə  öz  səlahiyyəti  daxilində  iştirak  etmək;

4.1.8. fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.

5.  Birliyin  fəaliyyətinin  təşkili

5.1. Birliyin idarəetmə aparatı, onun strukturuna daxil olan bölmələr və tabeliyində olan digər  qurumlar Birliyin vahid sistemini təşkil edir. Birlik öz fəaliyyətini bilavasitə və həmin qurumlar vasitəsilə həyata keçirir.

5.2. Birliyin strukturu və ştat cədvəli Komitə sədri tərəfindən təsdiq olunur.

5.3. Birliyin sistemində qulluq keçmə qaydaları və işçilərinin hüquqi statusunun əsasları qanunvericiliklə müəyyən edilir.

5.4. Birliyə  Komitə  Sədri  tərəfindən  vəzifəyə  təyin  və  vəzifədən  azad  edilən “Naxçıvanterminalkompleks” Birliyinin rəisi (bundan sonra – rəis)  rəhbərlik edir.  Rəis  Birliyə həvalə olunmuş hüquq və vəzifələrin yerinə yetirilməsinə görə şəxsən məsuliyyət daşıyır.

5.5. Rəisin Komitə Sədri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən müavini vardır. Rəis müavini ona həvalə edilmiş vəzifələri yerinə yetirir və buna görə şəxsən məsuliyyət daşıyır.

5.6. Birliyin xüsusi rütbə daşıyan vəzifəli şəxsləri Komitə sədri, digər işçiləri isə rəis tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilirlər.

5.7. Birliyin rəis müavini və işçiləri öz funksiyalarını vəzifə bölgüsünə əsasən yerinə yetirirlər.

5.8. Birliyin işi fəaliyyət istiqamətləri üzrə iş planı əsasında həyata keçirilir.

5.9. Birlikdə işin təşkili və vəziyyəti,  iş planında nəzərdə tutulmuş tədbirlərin yerinə yetirilməsi, qarşıda duran vəzifələrin həyata keçirilməsi ilə əlaqədar məsələlər  mütəmadi olaraq  rəisin yanında keçirilən iclaslarda  müzakirə edilir;

5.10. Birliyin  vəzifəli  şəxsləri  Azərbaycan  Respublikasının  gömrük  orqanları  üçün  müəyyən  olunmuş  xüsusi  geyim  formasını  daşımaq  hüququna  malikdirlər.

5.11. Birlik tərəfindən tətbiq edilən xidmət haqları Komitə ilə razılaşdırılmaqla müəyyən edilir.

5.12. Rəis:

5.12.1. Birliyin  işini təşkil edir və onun fəaliyyətinə rəhbərliyi həyata keçirir;

5.12.2. Birliyin işçiləri arasında vəzifə və iş bölgüsü aparır;

5.12.3. Birliyin  işçilərinin  üzərinə düşən vəzifələrin yerinə yetirilməsinə, icra və əmək intizamına nəzarət edir;

5.12.4. Birliyin iş planını və müvafiq hesabatlarını təsdiq edir, iş planının vaxtında və keyfiyyətli icrasına nəzarət edir;

5.12.5. Birliyin fəaliyyətini Komitənin tabeliyində olan digər qurumlarla əlaqələndirir;

5.12.6. Birliyin fəaliyyəti ilə bağlı məsələlərin Komitənin  kollegiyasının müzakirəsinə çıxarılması üçün təşəbbüs göstərir, bu məsələlərin kollegiyanın müzakirəsinə hazırlanmasını təmin edir;

5.12.7. Komitənin  iş planında və kollegiyanın qərarlarında, Komitə  üzrə verilmiş əmr və sərəncamlarda nəzərdə tutulmuş aidiyyəti tədbirlərin yerinə yetirilməsini təmin edir;

5.12.8. Birliyin adından  müqavilələr bağlayır;

5.12.9. əmtəələrin, materialların və başqa sərvətlərin, pul vəsaitlərinin qəbulu və verilməsi üçün əsas olan sənədləri, habelə hesablaşma, kredit və maliyyə öhdəliklərini imzalayır;

5.12.10. işçilərin əmək və sosial hüquqlarının həyata keçirilməsini təmin edir;

5.12.11. işçilərin maddi təminatının, əmək şəraitinin və sosial-məişət xidmətinin yaxşılaşdırılması üçün tədbirlər görür;

5.12.12. qanunvericiliklə müəyyən edilmiş qaydada maliyyə resurslarını idarə edir, onun üzərində sərəncam verir, maliyyə vəsaitlərindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin edir;

5.12.13. qanunvericiliyə uyğun olaraq dövlət sirrinin və məxfilik rejiminin qorunması üçün zəruri tədbirlər, habelə fəaliyyət istiqamətlərinə uyğun təhlükəsizlik tədbirləri görür;

5.12.14. Birlikdə mülki müdafiə və yanğın təhlükəsizliyi, nəqliyyat səfərbərliyi üzrə işlərin həyata keçirilməsinə nəzarət edir;

5.12.15. Birliyə yeni qəbul edilmiş vəzifəli işçiləri təcrübəli əməkdaşlara təhkim edir və onların işinə bilavasitə nəzarət edir;

5.12.16. zəruri hallarda böyük həcmli tapşırıqların  icrasını bir neçə işçiyə tapşırır və ya bir  işçinin  icraatından digər  işçinin  icraatına verir;

5.12.17. ştatdan kənar işçiləri əmək müqaviləsi əsasında işə qəbul edir;

5.12.18. Birlikdə işçilərin həvəsləndirilməsi, onlara intizam tənbehi tədbirlərinin tətbiq edilməsi, habelə işçilərin vəzifədən kənarlaşdırılması üçün müvafiq tədbirlər görür, Birliyin xüsusi rütbə daşıyan vəzifəli şəxsləri barəsində aidiyyatı tədbirlərin tətbiq edilməsi üçün Komitə rəhbərliyinə təkliflər verir;

5.12.19. vətəndaşların qəbulu işini təşkil edir və vətəndaşları qəbul edir;

5.12.20. öz səlahiyyətləri daxilində əmr və göstərişlər formasında qeyri-normativ hüquqi aktlar imzalayır (təsdiq edir) və onların icra vəziyyətinin yoxlanılmasını təşkil edir;

5.12.21. öz səlahiyyətləri daxilində dövlət orqanlarında və digər təşkilatlarda Birliyi təmsil edir;

5.12.22. Birliyin fəaliyyətinin təkmilləşdirilməsi sahəsində tədbirlər görür, bu barədə Komitənin rəhbərliyinə təkliflər verir;

5.12.23. Birliyin istifadəsində olan bütün növ əmlakın, o cümlədən avadanlıqların qorunub saxlanılması və təyinatı üzrə istifadə edilməsi işini təşkil edir;

5.13. Birliyin rəis müavini:

5.13.1.  rəis vəzifələrini icra edə bilmədikdə onun vəzifələrini yerinə yetirir;

5.13.2. ona tapşırılmış sahədə işlərin düzgün təşkil və icra  olunmasını təmin edir;

5.13.3. Birliyin işçilərini cəlb etməklə Birliyin iş planının layihəsini, müvafiq hesabatları hazırlayır və rəisə təqdim edir;

5.13.4. Birliyin  iş planının vaxtında və keyfiyyətli icrasını təşkil edir;

5.13.5. Birliyin fəaliyyətinin təkmilləşdirilməsi üzrə rəisə təkliflər verir;

5.13.6. Birliyin fəaliyyəti ilə bağlı məsələləri Komitənin kollegiyasının müzakirəsinə hazırlayır;

5.13.7. Birliyin  işçilərinin  üzərinə düşən vəzifələrin yerinə yetirilməsinə, icra və əmək intizamına nəzarət edir;

5.13.8. Birlikdə kargüzarlıq işinə nəzarət edir;

5.13.9. peşə hazırlığının yüksəldilməsi məqsədilə qanunvericiliyi daim  öyrənir,  işgüzar və peşə keyfiyyətlərinin  yüksəldilməsinə çalışır;

5.13.10. qanunvericiliyə uyğun olaraq dövlət sirrinin və məxfilik rejiminin qorunması üçün zəruri tədbirlər görür;

5.13.11. hüquqi və fiziki şəxsləri, o cümlədən onların nümayəndələrini qəbul edir, onların müraciətlərinə baxılmasını təmin edir;

5.13.12. xidməti fəaliyyətlə bağlı Komitənin rəhbərliyinin və rəisin digər tapşırıqlarını yerinə yetirir.

5.14. Birliyin struktur bölmələrinin (bölmə) rəisləri:

5.14.1. bölməyə ümumi rəhbərliyi həyata keçirir;

5.14.2. bölmə üzrə tədbirlər planının işlənib hazırlanmasını təmin edir və onun yerinə yetirilməsinə nəzarəti həyata keçirir;

5.14.3. bölmə əməkdaşlarının iclaslarını keçirir və Komitənin strukturuna daxil olan digər gömrük orqanları ilə birgə keçirilən iclaslarda bölmənin səlahiyyətlərinə daxil olan məsələlər haqqında çıxış edir;

5.14.4. bölmə əməkdaşları arasında vəzifə bölgüsünü aparır;

5.14.5. Birlik rəhbərliyi ilə razılaşdırmaqla idarə və təşkilatlardan bölmənin fəaliyyətinin əsas istiqamətləri ilə bağlı məsələlər barədə əməliyyat, analitik məlumatları və ya sənədləri tələb edərək bu məlumatları təhlil edir;

5.14.6. bölmə əməkdaşları tərəfindən qanunvericiliyin, o cümlədən  gömrük işini nizama salan qanunvericilik və digər normativ-hüquqi aktların tələblərinə əməl edilməsinə nəzarəti həyata keçirir;

5.14.7. Birlik rəhbərliyi ilə razılaşdırmaqla, bölmənin fəaliyyət məsələləri barədə müvafiq təşkilatlarla əlaqə saxlayır və səlahiyyətləri daxilində Birliyi dövlət və ictimai təşkilatlarda təmsil edir;

5.14.8. Birliyin səlahiyyətləri çərçivəsində normativ xarakterli sənədlərin hazırlanmasında iştirak edir və bununla əlaqədar təkliflər verir;

5.14.9. Komitənin və Birlik rəhbərliyinin  göstərişlərinin bölmədə yerinə yetirilməsi üzərində nəzarəti həyata keçirir;

5.14.10. hüquqi və fiziki şəxsləri, o cümlədən onların nümayəndələrini qəbul edir, onların bölmənin səlahiyyətlərinə daxil olan məsələlərlə əlaqədar müraciətlərinə baxılmasını təmin edir;

5.14.11. işdəki nöqsanlara görə bölmə əməkdaşlarının intizam məsuliyyətinə cəlb edilməsi və ya işində fərqlənən əməkdaşların mükafatlandırılması barədə Birlik rəhbərliyinə təqdimat verir;

5.14.12. bölmə əməkdaşlarının daxili intizam qaydalarına əməl etmələri üzərində nəzarəti həyata keçirir;

5.14.13. bölmədə  Birlik rəhbərliyinin adına yazılan sənədləri imzalayır;

5.14.14. bölmənin fəaliyyətində meydana çıxan nöqsanların aradan qaldırılması və gələcəkdə bu xarakterli nöqsanların baş verməsinin qarşısını almaq üçün zəruri tədbirlər hazırlayır və həyata keçirir;

5.14.15. peşə hazırlığının yüksəldilməsi məqsədilə qanunvericiliyi daim  öyrənir,  işgüzar və peşə keyfiyyətlərinin  yüksəldilməsinə çalışır;

5.14.16. bölmə əməkdaşlarının nəzəri və peşə hazırlığının yüksəldilməsi üçün tədbirlər hazırlayır və həyata keçirir;

5.14.17. dövlət sirrini və qanunla qorunan digər sirləri qoruyur;

5.14.18. texniki vasitələrdən istismar qaydalarına uyğun istifadə olunmasına və onların saz vəziyyətdə saxlanılmasına nəzarət edir;

5.14.19. bölmənin istifadəsinə verilmiş avadanlıq və digər qiymətli əşyaların qorunub saxlanılması və təyinatı üzrə istifadə edilməsinə nəzarət edir;

5.14.20. bölmənin vəzifəli şəxslərinin attestasiyadan keçirilməsi üçün müvafiq ilkin sənədlərin hazırlanmasında iştirak edir;

5.15. Birliyin inspektorları və digər əməkdaşları :

5.15.1. gömrük sərhədindən keçirilən mallar, o cümlədən sərnişinlər tərəfindən keçirilən müşayiət olunan və olunmayan baqajların bəyan edilməsini  həyata keçirir və  gömrük  bəyannamələrinin  tərtib  edilməsi  üzrə  xidmətlər  göstərir;

5.15.2. muxtar respublikadan idxal, ixrac və tranzit istiqamətində  keçən   yüklərin  gömrük orqanlarının yerləşdiyi ərazilərdə və gömrük  sərhəd buraxılış  məntəqələrində  qanunvericiliyə əsasən tərəzilərdə  çəkilməsini həyata keçirir;

5.15.3. avtomaşınlara  beynəlxalq  yük  qaiməsi (CMR)  yazır;

5.15.4. bəyanetmənin qanunvericiliklə müəyyən olunmuş müddətdə və qaydada aparılmasına əməl edir;

5.15.5. gömrük  orqanları  tərəfindən  müsadirə  edilmiş  malların və  nəqliyyat  vasitələrinin  gömrük  hərracları  vasitəsi  ilə  realizə  edilməsini  və  əldə  edilmiş  vəsaitin  qanunvericilikdə  nəzərdə  tutulmuş  qaydada  gömrük  sisteminin  büdcədənkənar  inkişaf  fonduna  köçürülməsini  təmin edir;

5.15.6.  iş fəaliyyəti zamanı texniki nəzarət vasitələrindən istifadə edir;

5.15.7. malların gömrük dəyərini qanunvericilikdə nəzərdə tutulmuş qaydada düzgün bəyan edir;

5.15.8. qanunvericiliyə uyğun olaraq gömrük nəzarəti altında olan mal və nəqliyyat vasitələrinin gömrük yoxlanılmasında iştirak edir;

5.15.09. daim gömrük işi üzrə bilik səviyyəsini yüksəltməyə çalışır;

5.15.10. xidmət yerində müəyyən edilən daxili intizam və xidməti informasiya ilə rəftar qaydalarını gözləyir;

5.15.11. dövlət sirrini və qanunla qorunan digər sirləri qoruyur;

5.15.12. xidməti vəzifələrini yerinə yetirərkən ona məlum olmuş məlumatları açıqlamır;

5.15.13. rəhbərlik tərəfindən təsdiq olunmuş planlara uyğun olaraq keçirilən təlimlərdə, toplanışlarda, yarışlarda və digər tədbirlərdə iştirak edir;

5.15.14. xidməti vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar vətəndaşların həyat, sağlamlıq, şərəf və ləyaqətini qoruyur, habelə öz şəxsi təhlükəsizliyinin təminatı üçün hərəkətləri yerinə yetirir;

5.15.15. istifadəsinə olan avadanlıqdan və digər qiymətli əşyalardan təyinatı üzrə düzgün istifadə edir;

5.15.16. Birlikdə qanunvericiliklə nəzərdə tutulmuş qaydada kargüzarlıq işini həyata keçirir;

5.15.17. sənədləşmə işini elektron idarəetmə sistemi vasitəsi ilə aparır;

5.15.18. Birliyə daxil olan sənədləri və sorğu materiallarını qəbul edir, qeydiyyatını aparır;

5.15.19. sənədlərin arxiv işini həyata keçirir;

5.15.20. Birliyin istifadəsinə verilmiş bütün növ vəsaitlərin qorunub saxlanılmasına və onların hərəkətinə nəzarəti həyata keçirir.

 

6. Birliyin  hesabatı  və  gəlirinin  bölünməsi

 

6.1.  Birliyin  təsərrüfat  ili  təqvim  ilinin  yanvar  ayının  01-dən  dekabr  ayının 31-dək  müəyyən  olunur.

6.2.  Birliyin  hesabatı  qüvvədə  olan  qanunvericilik aktlarında  nəzərdə  tutulmuş  qaydada  tərtib  olunur  və  Birliyin  rəhbərliyi  tərəfindən  təsdiq  edilir.

6.3.  Təsərrüfat  ilinin  yekununa  görə  əldə olunmuş  ümumi  gəlir  bütün  vergilər  və büdcə ödənişləri  ödənildikdən  sonra  yerdə  qalan  xalis  mənfəət  aşağıdakı  qaydada  bölünür;

Komitə  – 25 %

Birlik – 75%

6.4.  Birlik  bütün  ödənişlərdən  sonra  öz  sərəncamında   qalan  xalis  gəlirdən  qanunvericiliklə   müəyyən  edilmiş  qaydada  istifadə  edir.

6.5.   Birlik  xalis  gəlirlərindən  5%-dən  az  və 25%-dən  çox  olmamaqla müvafiq  ehtiyat  fondu  yaradır. Ehtiyat  fondunun  vəsaiti  dövriyyə  vəsaiti  kəsiri  hallarında  əmək  haqqının  verilməsi  və qanunvericiliyə  uyğun  olaraq  digər  məqsədlər üçün  istifadə olunur.

6.6.  Birliyin  maliyyə - təsərrüfat  fəaliyyətinin  auditi  qanunvericiliyə  uyğun  olaraq aparılır.